Azərbaycanda niyə detektiv yoxdur?

13:27 24-09-2019 378

Azərbaycanda özəl detektiv fəaliyyətini tənzimləyən qanunun qəbuluna hələlik ehtiyac yoxdur.

Bu barədə HerGun.Az-a danışan keçmiş polis rəisi, kriminalist Mahmud Hacıyev deyib ki, beynəlxalq konvensiyalarda müstəqil detektivlərlə bağlı qanunun qəbul olunması haqqında bir göstəriş mövcud deyil.

M.Hacıyev qeyd edib ki, Azərbaycanda mütləq qaydada özəl detektivlərlə bağlı qanunun qəbulunun vacibliyini demək düzgün deyil.

Ekspert dünya təcrübəsinə də diqqət çəkib. O bildirib ki, Finlandiya, Norveç, Almaniya, Fransa, İspaniya, İngiltərə, İsrail, Macarıstan, Polşa, Danimarka, Qazaxıstan, Gürcüstan, Latviya, Litva, Estoniya, Moldova, Rusiya və Ukrayna kimi ölkələrdə müstəqil detektivlərlə bağlı qanunlar mövcuddur.

“Fransada 1834-cü ildə, Rusiyada isə 1992-ci ilin 11 martında belə qanun qəbul edilib. Sadaladığım ölkələrdə özəl detektivlər qanunvericilik çərçivəsində hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edərək birgə iş görürlər.

Onlar cinayətlərin açılmasında, axtarışda olanların tutulub məhkəmə-istintaq orqanlarına təhvil verilməsində, naməlum şəraitdə itkin düşənlərin yerinin aşkar edilməsində, şəxsiyyəti məlum olmayan meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsində iştirak edirlər. Onlar hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşlarıdır”, - deyə M.Hacıyev əlavə edib.

Keçmiş kriminalistin fikrincə, Azərbaycanda polis cinayətlərin operativ şəkildə açılmasını təmin edir.

“Daxili İşlər naziri Vilayət Eyvazovun fəaliyyəti təqdirəlayiqdir. Keçmiş bir əməliyyatçı, istintaqçı kimi Daxili İşlər nazirinin fəaliyyətini yüksək qiymətləndirirəm. Cənab Vilayət Eyvazov yaxşı iş prinsipi qurub.

Mənə elə gəlir ki, Azərbaycanda polis sistemi mükəmməl işlədiyinə görə, özəl detektivlərsiz də keçinmək olar”.

Aqşin Kərimov