Birinci vitse-prezidentin köməkçisi: Real əməkhaqqının artım tempi inflyasiyanı iki-üç dəfə üstələyir

14:36 24-09-2019 515

Azərbaycanda islahat təşəbbüsləri həmişə olub, amma son dövrlərdə xüsusi vüsət alıb.

HerGun.Az xəbər verir ki, bunu bu gün Sosial Tədqiqatlar Mərkəzinin “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda keçirilən konfransda Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov deyib.

O, bunun müəyyən obyektiv səbəblərinin olduğunu bildirib.

“Azərbaycan müstəqillik qazandıqdan sonra keçmiş sovet respublikaları arasında ən dərin ressesiyaya məruz qalmış bir ölkə idi. Bunun obyektiv səbəbləri var idi. Ölkə hərbi təcavüzə məruz qalmışdı, ölkənin dövlətçiliyi, suverenliyi təhdid altında idi. Azərbaycanda iqtisadi islahatlar ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başladı və qısa bir zamanda öz nəticəsini verdi, ressesiya aradan qaldırıldı.

İndiyə qədər Azərbaycanda heyrətamiz inkişaf templəri müşahidə edilib. Prezident İlham Əliyev silsilə fərmanlar imzalayıb. Aparılan tədqiqatlar göstərir ki, əhalinin böyük bir hissəsi Prezident tərəfindən aparılan islahatları dəstəkləyir”.

E.Hüseynov vurğulayıb ki, aparılan islahatlar vətəndaşların maddi durumuna müsbət təsir göstərir.

Birinci vitse-prezidentin köməkçisi qeyd edib ki, 2015-ci ildə neft qiymətlərinin əhəmiyyətli dərəcədə düşməsi nəticəsində ölkədə ikiqat devalvasiya baş verdikdən sonra əhalinin real gəlirləri azalmışdı.

“2016-cı ildə inflyasiya ikirəqəmli səviyyədə idi, 2017-ci ildə də bu tendensiya davam etdi. Buna baxmayaraq, həmin illərdə hökumət çox konservativ fiskal siyasət yürütdü. Əsas məqsəd makroiqtisadi sabitliyin bərpa olunması idi.

Sözsüz ki, bu hədəfə nail olundu. Artıq 2019-cu ildə biz inflyasiyanın çox aşağı səviyyəsini müşahidə edirik. Real əməkhaqqının artım tempi inflyasiyanı iki-üç dəfə üstələyir. Digər tərəfdən, insanların gəlirləri artdıqca bu, biznes üçün imkan genişlənir ki, bu da növbəti dövrlərdə də iqtisadi artıma müəyyən təkan verəcək effektə malik olacaq”.

Aqşin Kərimov