Azərbaycan hərbi dənizçiləri: Biz tarix yazdıq - REPORTAJ

11:27 25-09-2019 590

Ötən ay Bakıda Beynəlxalq Ordu Oyunları çərçivəsində “Dəniz kuboku-2019” yarışması keçirilib. Yarışmada Hərbi Dəniz Qüvvələrinin “G-124” gözətçi gəmisi şəxsi heyəti ilə birlikdə iştirak edib.

Avqustun 5-dən 15-dək davam edən müsabiqənin hər üç mərhələsində şəxsi heyət öz praktiki bacarıqlarını nümayiş etdirərək dörd Xəzəryanı ölkə arasında “Dəniz kuboku-2019” yarışmasının qalibi olub.

HerGun.Az-ın çəkiliş qrupu qalib gəminin qonağı olub, dənizçilərin qalibiyyətə gedən yolu ilə tanışlıq imkanı əldə edib.  

“G-124” gözətçi gəmisidir və müvafiq divizionda xidmət keçir. Təmizlik və səliqə-sahman gəmidə gözümüzə çarpan ilk təəssürat oldu. Hər bir əşyanın yerində olmasını, növbədə olanların düzgün xidmət aparmasını elə nizam-intizamın ilk göstəricisi hesab etmək olar.

Gəmi komandirinin köməkçisi baş leytenant Nadir Əliyevin bildirdiyinə görə, komanda heyəti bütün donanmada nümunəvi hesab olunur və bu yüksək adı daşımaqdan qürur hissi duyur.

Gəmi komandiri, kapitan Məhəmmədov məzuniyyətdə olduğuna görə bizi gəmidə elə onun köməkçisi müşaiyət etdi. O, birinciliyə aparan çətin yoldan söz açdı:

“Dəniz kuboku” yarışlarına hazırlıq illik plana əsasən keçirilir. Hər il olduğu kimi, bu il də şəxsi heyət müəyyən tapşırıqların yerinə yetirilməsi üzrə bilik və bacarıqlarını yoxlayıb, daha yüksək nəticə göstərmək üçün təlim-məşqlər keçirib. Hərb oyunlarında iştirak edən digər Xəzəryanı ölkələrin dənizçiləri də etiraf edirlər ki, Azərbaycan komandası ildən-ilə bacarıq və məharətini artırır”.

Böyük qələbə xırda qalibiyyətlərdən ibarətdir. Yarışların hər mərhələsi özünəməxsus çətinliklərlə zəngindir.

Məsələn, “PSM” mərhələsi xilasetmə paltarlarının cəld geyinilməsi və xilasetmə vasitələrindən istifadəni nəzərdə tutur. Yarışma iki hissədən ibarətdir. Əvvəlcə fərdi şəkildə 30 metr üzürsən, sonra isə qayığın içində avarlarla geri qayıdırsan.

Burada xırda bir səhv addım sonda məğlubiyyətə gətirib çıxara bilər.

Operator-radiometrçi, çavuş Yasin Məmmədov “PSM” mərhələsində iştirak edən beş nəfərlik heyətin üzvüdür. O, yarışmadakı çətinlikləri belə izah edir: 

“Hidrokostyum cəld yeşikdən çıxarılmalıdır, zəncirbəndi açılmalıdır, geyinilib zəncirbəndi bərkidilməlidir. Rezin qayıq çox yüngüldür və külək onu apara bilər. Qıraqda isə maneələr var ki, onlara toxunmaq olmaz. Belə halda cərimə balları tətbiq olunur”.

Çavuşun bildirdiyinə görə, keçən ilin yarışmasında küləkli hava şəraiti olduğundan “PSM” mərhələsinin nəticələri elə də yüksək deyildi. Komandaların heç biri 2 dəqiqə 8 saniyədən yuxarı nəticə göstərə bilməmişdi. Bu il isə yarış başqa səpkidə cərəyan etdi.

“Bizdən qabaq İran dənizçiləri çıxış etdi. Onların 1 dəqiqə 58 saniyəlik nəticəsi sevinclərinə səbəb oldu. Sonra Qazaxıstan çıxış etdi və 1 dəqiqə 51 saniyəyə mərhələni adladı. Qazaxıstan dənizçiləri də düşünürdü ki, daha onların nəticəsini heç kəs keçə bilməyəcək.

Rəqiblərimizin yaxşı nəticələri bizi gücümüzü toparlayaraq bütün bacarığımızı ortaya qoymağa səfərbər etdi. Biz yarışmanı 1 dəq 42 saniyəyə bitirdik və bununla da yeni tarix yazdıq. Arxamızca çıxış edən Rusiya dənizçiləri 1 dəqiqə 46 saniyə nəticə ilə ikinci yeri tutdular”, - yarışmanın təfərrüatı barədə çavuş Məmmədov danışıb.

O, artıq 12 ildir ki, donanmada xidmət edir, bunun 10 ilini müddətdən artıq hərbi qulluqçu kimi fəaliyyət göstərib. Üzgüçülükdə və gəmini idarə etməkdə mahir usta kimi tanınır.

Ümumiyyətlə, gəmi heyətinin əksəriyyəti müddətdən artıq hərbi qulluqçudur. Onlar üçün gəmi və donanma ikinci evləridir, bir-birinə münasibətləri isə dostluq, qardaşlıq prinsiplərinə söykənir. Gəmi komandirinin köməkçisi döyüş yoldaşlığı haqqında bunları dedi:

“Gəminin əsas heyəti artıq bir neçə ildir ki, bir yerdədir. Bu, qarşılıqlı anlaşma üçün münbit şərait yaradır. Onlar bir-birinin mənfi-müsbət cəhətlərini gözəl bilirlər. Hər kəs üzərinə düşən məsuliyyəti anlayır, bununla yanaşı, hər zaman dostuna, döyüş yoldaşına əl uzatmağa hazırdır”.

Bütün bunlar ən güclü rəqiblərə qarşı mübarizə aparmağa və bu mübarizədən qalib çıxmağa imkan verir.

“Dəniz kuboku” çərçivəsində Rusiya donanması ilə yarış rəqabəti olduqca gərgin keçir. Böyük tarixi dənizçilik ənənələrinə malik Rusiya hər zaman rəqibin kim olmasına baxmayaraq, birincilik uğrunda mübarizə aparır və qələbəyə bir növ arxayındır.

Qırmızı Bayraqlı Xəzər Dəniz Donanması ən müasir gəmi və avadanlıqlara malikdir, şəxsi heyəti isə yüksək döyüş qabiliyyətini daim saxlayır. Buna görə Azərbaycan dənizçiləri tərəfindən güclü rəqabətlə üzləşən rusiyalı dənizçilər əvvəlcədən bunu bir təsadüf kimi qarşılayıblar.

2017-ci ildə I-II yerləri Azərbaycan dənizçiləri ilə bölüşən rusiyalılar sonrakı yarışlara tam gücləri ilə qoşulmağa məcbur oldular. 2018-ci ildə Rusiya donanması birinciliyə artıq tək yiyələndi və 2019-cu il yarışlarına şərtsiz favorit qismində Bakıya gəldi.

Lakin Azərbaycan dənizçiləri də kifayət qədər təcrübə yıgmağı bacarıb. Burada qeyd etmək lazımdır kı, yarışlarda iştirak edən Rusiya gəmisi 2016-cı il buraxılışıdır və hərbi-texniki inkişafın ən son nailiyyətlərini özündə cəmləşdirib. Buna baxmayaraq, Azərbaycan gəmisi hətta dəniz hədəflərinə atışlar zamanı da rusiyalı dənizçiləri üstələməyi bacardı.   

İki həftə davam edən yarışlar üç mərhələdən və altı çalışmadan ibarət idi. 212 bal toplayan Azərbaycan komandası qalib oldu. Müvafiq olaraq ikinci yeri Rusiya, üçüncü yeri isə Qazaxıstan komandaları tutdular.

Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi, 1-ci dərəcəli kapitan Şahin Məmmədov Xəzərdə sülhün və əməkdaşlığın möhkəmləndirilməsini yarışın əsas məqsədi hesab edir.

“Yarışlar dostluq şəraitində keçirilir. Əsas məqsəd şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsidir. Təcrübə mübadiləsi də gələcək xidmətimizdə müstəsna rol oynayır”, - deyə qərargah rəisi bildirib.

Ümidvarıq ki, matrosdan komandanlığa qədər məharət nümunəsi olan Hərbi Dəniz Qüvvələrimiz bundan sonra da nailiyyətləri ilə bizi sevindirəcək. Odur ki, dənizçilərimizi təbrik edib gələcək xidmətlərində uğurlar arzulayırıq. 

Namiq Həsənov
FOTO: Ramil Zeynalov