Analitik: Hərbi təlimlər bitənədək Ermənistan dezinformasiya yaymaqda davam edəcək

19:27 25-09-2019 864

Son bir neçə gündür Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş torpaqlarında genişmiqyaslı hərbi təlimlər keçirilir. Ermənistan tərəfinin belə bir addımı Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində əldə edilən razılaşmaların pozulmasına və danışıqların yubadılmasına gətirib çıxarır.

Bunu HerGun.Az-a analitik Ehtiram Aşırlı deyib.

Onun sözlərinə görə, bu, həmçinin Ermənistanın münaqişənin sülh yolu ilə həllinə dair bəyanatlarının da əsassız olduğunu bir daha göstərir:

“Erməni tərəfi əsl niyyətini “sülh” adı altında pərdələməyə, öz işğalçılıq siyasətini davam etdirərək, status-kvonu qoruyub saxlamağa və danışıqlar prosesini uzatmağa çalışır. ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə Nyu-Yorkda hər iki ölkənin Xarici İşlər nazirinin görüşlərinin təşkil edildiyi bir vaxtda Ermənistan tərəfinin Azərbaycan torpaqlarında genişmiqyaslı hərbi təlimlərə başlaması vasitəçilərin Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyətlərinə kölgə salır. Qarabağ münaqişəsinin həllində vasitəçi rolunu oynayan ATƏT-in Minsk qrupu bu məsələyə dair öz səssizliyini pozmalı və Ermənistan tərəfini qəti şəkildə qınayaraq, onun danışıqlar prosesinə zərbə vurduqlarını bildirməlidir”.

E.Aşırlı qeyd edib ki, belə təlimlərin keçirildiyi bir vaxtda Ermənistan tərəfi dezinformasiya xarakterli məlumatlar yaymaqda davam edir.

“Ermənistan tərəfi iddia edir ki, silahlı qüvvələri tərəfindən guya Azərbaycana məxsus PUA vurulub. Bu xəbərdən bir neçə gün öncə isə Azərbaycan kəşfiyyat-diversiya qrupunun təxribata cəhd etdiyinə dair xəbərlər də yayılıb. Azərbaycan tərəfinin dərhal hər iki məlumata reaksiya verməsi açıq-aşkar sübut edir ki, bütün bunlar dezinformasiya və əsassız iddialardan başqa bir şey deyil. Fikrimcə, hərbi təlimlər bitənə qədər Ermənistan tərəfi bu tipli dezinformasiya xarakterli xəbərlər yaymaqda davam edəcək”.