Bir hesabatın nəticəsi: “Prezident verdiyi vədləri bundan sonra da uğurla yerinə yetirəcək”

14:18 27-09-2019 508

Sosial Tədqiqatlar Mərkəzinin (STM) “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” adlı hesabatı açıqlanıb.

İctimai rəy sorğusunda ümumilikdə 1212 nəfər iştirak edib. Respondentlər arasında coğrafi, gender və yaş bərabərliyi qorunub. STM bildirir ki, hesabatın statistik xəta əmsalı 2.8 faizdir.

Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti (92.9 faizi) minimum aylıq əməkhaqqının artırılaraq 250 manat olmasına müsbət münasibət bildirib. Respondentlərin 93.1 faizi isə pensiyanın minimum məbləğinin artırılaraq 200 manat olmasını dəstəkləyib.

Sorğuya cəlb edilənlərin mütləq əksəriyyəti (90 faizi) əmək haqlarındakı artımın əhalinin sosial-iqtisadi vəziyyətinə müsbət təsir edəcəyini düşünür.

Hesabatda göstərilib ki, sorğuda iştirak edən respondentlərin 71.5 faizi Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların uğurlu olacağına çox inanır.

Yəni ümumi götürdükdə sorğuya cəlb edilənlər arasında islahatların uğurlu olacağına inananlar üstünlük təşkil edir. Burada daha böyük islahatların, dövlət tərəfindən əhalinin rifahının yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərin müsbət mənada çox təsiri var.

Özləri və ailələri artımlardan yararlananlar islahatların uğurlu olacağına daha çox inanırlar.

Milli Məclisin deputatı Tahir Rzayev HerGun.Az-a açıqlamasında deyib ki, 2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərindən az sonra ölkədə sosial layihələrin həyata keçirilməsi sürətləndirildi.

“Cənab Prezident çox mühüm sərəncamlar verdi. Ölkə rəhbəri bildirdi ki, sosial məsələlərin həyata keçirilməsi sistemli və davamlı xarakter daşıyır”, - deyə T.Rzayev bildirib.

Deputat qeyd edib ki, bundan sonra da sosial məsələlər daim diqqət mərkəzində olacaq:

“İnsanların rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması ölkə rəhbərliyinin qarşısında duran birinci məsələlərdəndir. Hər bir məmur və hər bir vətəndaş üzərinə düşən vəzifəni yerinə yetirməlidir”.

Deputatın fikrincə, aparılan tədqiqatlar onu göstərir ki, əhalinin əksəriyyəti ölkə rəhbərinin həyata keçirdiyi islahatları bəyənir və dəstəkləyir.

“Sosial problemlərin aradan qaldırılması, müvəffəqiyyətlə həll edilməsi sosial-iqtisadi inkişafdan asılıdır. Azərbaycan iqtisadiyyatı da gündən-günə sürətlə inkişaf edir. Bu da onu deməyə əsas verir ki, cənab Prezident verdiyi vədləri bundan sonra da uğurla yerinə yetirəcək”, - deyə T.Rzayev əlavə edib.

Milli Məclis üzvü kadr islahatlarından da söz açıb. O deyib ki, ölkədə kadr islahatları, kadrların təkmilləşdirilməsi çox mühüm addımlardan biridir.

“Dövlət başçısının kadr islahatları bilavasitə müvəffəqiyyətlərə təkan verir. Bilikli, bacarıqlı, təşəbbüskar, vətəni, milləti sevən kadrlardan da çox şey asılıdır. Komanda işinin effektivliyi ölkə Prezidentinin düzgün yeritdiyi siyasətin nəticəsidir”.

Sosial Tədqiqatlar Mərkəzinin təşkil etdiyi “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfransda Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri Səadət Yusifova deyib ki, hazırda biz rəqəmsal texnologiyaların inkişafı ilə xarakterizə olunan növbəti sənaye inqilabı dövrünü yaşayırıq:

“Azərbaycan Prezidentinin son illər həyata keçirdiyi sistem xarakterli islahatlar məhz həmin transformasiyanın mərhələli şəkildə reallaşdırılmasına hədəflənib. Bu, özündə həm sosial innovasiyaları, həm institusional, həm də kadr islahatlarını ifadə edir.

Sosial innovasiyalar cəmiyyətdə sosial dəyişikliklər doğuran məsələlərin həllinə yönəlmiş ideyalar, strategiyalardır, texnologiyalardır. Sosial innovasiyalar insan həyatının keyfiyyətinin artırılması, qlobal tendensiyalara uyğun olaraq sosial infrastrukturun təkmilləşdirilməsi üçün yeni texnologiyalardan və biznes modellərdən istifadəni nəzərdə tutur.

Prezident dəfələrlə öz çıxışlarında qeyd edib ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur. Təsadüfi deyil ki, sosial rifah dövlətinin qurulması Prezidentin yeni islahatlar kursunun strateji xəttini təşkil edir”.

Aqşin Kərimov