Nazir: Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinin müstəmləkəyə çevrilməsi üçün çalışır

15:54 27-09-2019 441

Silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasət, ətraf mühitin deqradasiyası, insan haqlarının pozulması, maliyyə böhranları, terror, separatizm, transmilli mütəşəkkil cinayətkarlıq və ekstremizm kimi digər təhdidlər dünyada milyonlarla insana təsir etməkdə davam edir.

HerGun.Az-ın xəbərinə görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Qoşulmama Hərəkatının Nazirlər Konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dünyanın həmişəkindən daha çox beynəlxalq hüquqa hörmət edilməsinə və buna riayət olunmasını təmin edəcək effektiv qlobal institutlara ehtiyacı var.

Nazir qeyd edib ki, sülh və təhlükəsizliyə qarşı təhdidlər beynəlxalq hüquqi sistemin gücləndirilməsini zəruri edir.

Eyni zamanda, münaqişələrin qarşısını almaq və həll etmək üçün bütün səviyyələrdə ikiqat səylər göstərilməsini şərtləndirir.

E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinə də diqqət çəkib. O bildirib ki, beynəlxalq hüququn normalarına, prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyünə və onların beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərinə ciddi riayət olunması vacibdir.

“Təəssüf ki, Ermənistanla  Azərbaycan arasında münaqişənin həlli ilə bağlı bu dəfə də sizinlə bölüşmək üçün yaxşı xəbərim yoxdur. Ermənistan, göründüyü kimi, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair məcburi xarakter daşıyan tələblərin əks olunduğu qətnamələrinə məhəl qoymamaqda davam edir”, - deyə E.Məmmədyarov əlavə edib.

Nazir vurğulayıb ki, beynəlxalq ictimaiyyət dəfələrlə xəbərdarlıqlar edib. Xatırladıb ki, həmçinin, münaqişənin siyasi həlli istiqamətində səylər davam edir.

“Bunlara baxmayaraq, Azərbaycanın işğal olunmuş ərazilərinin müstəmləkəyə çevrilməsi və ilhaqını möhkəmlətmək məqsədilə qəsdən qeyri-qanuni fəaliyyət həyata keçirilməkdədir.

Bunlara, digərləri ilə yanaşı, məskunlaşdırma, tarixi, mədəni irsin məhv edilməsi və mənimsənilməsi mövcuddur. Bura işğal olunmuş ərazilərdə aktivlərin, təbii sərvətlərin, digər maddi nemətlərin istismarı, talan edilməsi və qanunsuz ticarət də daxildir”.

Aqşin Kərimov