Paşinyanın “Uğursuzluq adası” - Erməni baş nazirin ABŞ-dakı fiaskosu

17:09 27-09-2019 723

Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ-a səfəri yaxın günlərin ən çox müzakirə edilən mövzularından birinə çevriləcək. Paşinyanın səfəri nəinki uğursuz alındı, eyni zamanda, yumor ustalarına da mövzu verdi. Artıq yumor ustaları Paşinyanın Vitali Mutko ilə rəqabətə girdiyi barədə zarafatlar edirlər.

Xatırladaq ki, “Let me speak from my heart” frazası 2010-cu ildə Rusiya Federsiyasının idman naziri, Rusiya Futbol İttifaqının sədri Vitali Mutko tərəfindən səsləndirilib. O, çıxışında bərbad aksenti ilə bu ifadəni səsləndirib. Sonradan Rusiya Prezidenti Vladimir Putin də Mutkoya rusca-ingiliscə lüğət bağışlayaraq onunla zarafat edib. Paşinyanla bağlı məsələ təkcə gülüşə yox, siyasi nəticələrə də səbəb olacaq.

Media.Az Paşinyanın ABŞ-dakı danışıqlarını, erməni diasporunun gözləntilərini və erməni liderinin növbəti dəfə təhqir olunmasının nələrə səbəb olacağını araşdırıb.

Qarabağ danışıqları və silahlanma yarışı

BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında çıxış edən Paşinyan bəyan edib ki, “Cənubi Qafqaz regionunda siyasi eskalasiya və silahlanma yarışının gələcəyi yoxdur”. Stabil inkişaf və insan hüquqlarının qorunması siyasi status və coğrafi mövqeyindən asılı olmayaraq, hər kəsə şamil edilməlidir. Nikol Paşinyan insan hüquqlarının qorunması deyəndə, Dağlıq Qarabağın erməni icmasını nəzərdə tutur və bu zaman da azərbaycanlıları istisna edir.

Separatçı rejimə maliyyə yardımının azalması erməni Baş naziri narahat edir. O bəyan edib ki, Dağlıq Qarabağ “xalqı” beynəlxalq maliyyə və texniki yardımla təchiz edilməlidir. Yenə də söhbət Dağlıq Qarabağın erməni icmasından gedir.

Konfrontasiya siyasəti və ayırıcı xətlər erməni liderini çox narahat edir:

“Biz XXI əsrdə absurd sayılan sərhəd bağlanmasının əleyhinəyik. Amma bizim regionda bu hələ də mövcuddur”.

Amma təbii olaraq, erməni qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasından sonra ayırıcı xətlərin həll olunacağı barədə Paşinyan bir cümlə də işlətməyib.

Nikol həm də silahlanma yarışından da narazıdır. Onun sözlərinə əsasən, bunun Cənubi Qafqaz regionunda gələcəyi yoxdur. İqtisadi cəhətdən zəif olan Ermənistan Bakının ordunu gücləndirmə tempi ilə ayaqlaşa bilmir.

Paşinyanın növbəti bəyanatı: “Azərbaycan hökuməti bu münaqişəni həll etmək niyyətində deyil (sülh yolu ilə həlli nəzərdə tutulub)”. Amma Azərbaycan Yerevanın hər cəhətdən rəsmi Bakının səbrini sınamasına baxmayaraq, sülh danışıqları aparır.

Erməni Baş nazir çıxışında bildirir ki, münaqişənin istənilən həll yolu “Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan” xalqları üçün uyğun olmalıdır. Sonra isə yenidən “münaqişənin üç tərəfi” barədə ideyanı “ortaya soxuşdurmağa” çalışdı. Yəni münaqişənin iki tərəfi erməni, bir tərəfi isə Azərbaycandır.

Bunun tam cəfəngiyyat olduğu barədə beynəlxalq ekspertlər də dəfələrlə bəyanat veriblər. Yeri gəlmişkən, Paşinyan avqustun 5-də işğal altında olan Qarabağda “Qarabağ Ermənistandır” deməklə özü özünü təkzib etdi.

Paşinyanın ATƏT-in Minsk qrupuna təklif etdiyi “münaqişənin həlli həm Ermənistan, həm Dağlıq Qarabağ, həm də Azərbaycan xalqları üçün uyğun olmalıdır” formulu elə oradaca qəbul edilmədi. Eyni zamanda, nəzərə alaq ki, bu formulda da Qarabağ azərbaycanlılarının hüququ nəzərdə tutulmayıb.

Paşinyan Türkiyə və digər qonşuları barədə

Paşinyan Türkiyədən də şikayət edib. Onun sözlərinə əsasən, Türkiyə hələ də Ermənistan üçün ciddi təhdid olaraq qalır. Bununla yanaşı, Paşinyan Türkiyədə 100 min erməni miqrantın işlədiyini, Türkiyə hökumətinin isə onları deportasiya etmədiyini deməyib. “Zalım Türkiyə” ermənilərə işləməyə, Ermənistandakı ailələrinə pul göndərməyə imkan verir.

Sonra Paşinyan bildirib ki, Ermənistan ağır vəziyyətdədir. Çünki onun dörd sərhədindən ikisi, Türkiyə ilə sərhədi də artıq 30 ilə yaxındır ki, bağlıdır. Onun təkcə Gürcüstanla sərhədi açıqdır və Gürcüstanda erməni separatizmi getdikcə artır. Gürcülərin səbrinin nə vaxt tükənəcəyini demək isə çətindir. Ermənistanın İranla sərhədi açıqdır, amma İsraildə səfirlik açmaq niyyətindədir. Bu isə Tehranın xoşuna gəlməyəcək.

Rusiya və Paşinyan

BMT Baş Assambleyasının iclasında Nikol Paşinyan Rusiyanı Ermənistanın strateji partnyoru adlandırıb. Nə olsa, demək olar. Amma rəsmi Yerevanın fəaliyyəti Rusiya hökumətinə düşmən münasibətindən xəbər verir.

Artıq bəzi məhkəmə çəkişmələrinə görə, “Rusiya dəmir yolları” Ermənistanın dəmir yollarında xidmət etməkdən imtina edir. Ermənistanın ikinci prezidentləri Robert Koçaryanı həbsdən buraxmaq niyyətləri yoxdur. Bu, təkcə Vladimir Putinin istəyi deyil, eyni zamanda, Ermənistanın Konstitusiya Məhkəməsi Koçaryanın həbsdə qalmasını qeyri-qanuni qəbul edib.

Cavab olaraq, “Rosatom” Ermənistana 70 milyon dollar köçürməyəcək. Üç il əvvəl Ermənistan Rusiyadan 270 milyon dollar kredit götürüb. 30 milyon dollar isə qrant kimi alınıb. Məqsəd, “Metsamor AES”in təmiridir. Mənbələr məlumat verir ki, Ermənistana Rusiya krediti ilə silah alınması da təxirə salınıb.

Bundan əlavə, 26 sentyabrda məlum olub ki, 10-12 gün əvvəl Yuxarı Lars gömrük məntəqəsinə gələn erməni yük maşınları hələ də Rusiya-Gürcüstan sərhədini keçə bilməyiblər.

Bütün bunların fonunda, ABŞ-a səfər edən Paşinyan söz verib ki, Rusiya ilə Ukrayna arasında münasibətlərin normallaşmasına kömək edəcək. Ermənistan faktiki olaraq Ukraynanın ərazi bütövlüyünü tanımadığı, Moskva və Yerevanın münasibətlərinin çox kəskin olduğu bir dövrdə Paşinyan buna necə nail olacaq?

Rusiya Prezidenti Vladimir Putin Paşinyanla görüşməkdən imtina edib. Putinin oktyabrın 1-də Yerevana səfəri planlaşdırılsa da, Rusiya lideri, sadəcə, Avrasiya İqtisadi Birliyinin tədbirində iştirak edəcək.

ABŞ və Paşinyan

Qısacası, Paşinyanla görüşmək istəməyən təkcə Putin deyil. ABŞ Prezidenti Donald Tramp da bu fikirdədir. Paşinyanın ABŞ-a səfərindən bir neçə həftə əvvəl Ermənistanda bəyan etdilər ki, Ağ Ev rəhbəri ilə Paşinyan arasında geniş görüş mütləq baş tutacaq.

Bəzi erməni KİV-ləri “ABŞ Nikol Paşinyanı gözləyir” kimi başlıqlı məqalələr də dərc etdi. Amma Paşinyanı ABŞ-da heç kim gözləmirdi. Ermənistanın XİN başçısı isə jurnalistlərə bəyan etdi ki, Nikolun Donald Trampla görüşü baş tutacaq.

Tərəflərin görüşü BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin şərəfinə keçirilən qəbulda baş tutdu. Paşinyan Donald Trampla növbəti foto əldə edə bildi. Bu, erməni jurnalistlərini çaş-baş saldı. Bəs tam görüş hanı? ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi bəyan edib ki, Donald Trampla Paşinyan vaxtı gələndə görüş keçirəcəklər.

Paşinyan və imic

Erməni Baş nazirin BMT-də çıxışı zamanı Ermənistanın XİN rəhbəri Nikolun arvadı Anna Akopyana xəbərdarlıq etmək məcburiyyətində qaldı. Paşinyan sınıq-salxaq ingilis dilində çıxış edəndə Anna makyajına və saçına əl gəzdirirdi.

Paşinyanın çıxışı və ingilis dili biliklərinə isə yuxarıda qeyd etmişik, artıq erməni yumoristləri və sosial şəbəkə istifadəçiləri də lağ edirlər: “Vitali Leontyeviç Mutkonun rəqibi var”.

Paşinyan və Ermənistanda təəssüf hissi 

Uzun müddətdir ki, Ermənistanda ən çox müzakirə edilən mövzulardan biri Amulsar mədəninin işlənməsidir. Bu mədəndə işlərin əleyhinə olanlar ötən il “inqilab” zamanı Paşinyanı dəstəkləyirdilər.

Hazırda isə Baş nazir Amulsarda işlərin başlanmasına icazə verməyə meyillidir. Bu zaman isə Ermənistanı etiraz dalğası bürüdü və məsələ Nikolun növbəti tam qərarına qədər donduruldu. Paşinyan Nyu-Yorkun Kolumbiya Universitetində çıxışı zamanı bəyan etdi ki, bu gün Amulsar qızıl mədəninin işlənməsini qadağan edəcək heç bir əsas yoxdur.

Artıq bir neçə aydır ki, mədənə gedənə yolu bağlayan etiraz aksiyalarını dağıdıb-dağıtmayacağı ritorik sualdır. Ermənistanda isti qışa səbəb olacaq isti payız getdikcə reallığa çevirir.

Paşinyan və diasporda uğursuzluq

ABŞ-a səfərdən əvvəl Nikol Paşinyan amerikalı erməniləri Los-Ancelesə görüşə çağırdı.

“Facebook” sosial şəbəkəsindəki canlı yayımlarının birində Paşinyan qeyd etdi ki, soydaşları ilə ermənilərin sıx yaşadığı Los-Ancelesdə çoxdan görüş planlaşdırır.

Görüş baş tutsa da, uğursuz alındı. Paşinyan özü də belə düşünür və onunla razılaşmamaq mümkün deyil. Yerevanın “Qraparak” qəzeti yazır ki, Paşinyan Los-Ancelesdəki icma ilə görüşü uğursuz sayır. Görüşdə 30-35 min insanın iştirakı planlaşdırılırdı. Qrand-parka 30 min insan toplaşa bilər. Meriya isə təşkilatçılara qonşu küçələri də bağlayaraq əlavə 5-6 min nəfər üçün yer etməyə icazə verdi.

“Bundan əlavə, Los-Ancelesin müxtəlif rayonlarından Qrand-parka insanları daşımaq üçün 14 avtobus ayrıldı, yaxın dayanacaqlarda maşın saxlamaq üçün endirimlər tətbiq edildi. Amma ABŞ mətbuatının xəbərinə əsasən, görüşdə cəmi 10 min nəfər iştirak edib.

Bundan əlavə, konqresmenlərin iştirakında da fiasko yaşandı. 53 konqresmen və bir senator görüşə dəvət edilsə də, cəmi bir konqresmen, Adam Şiff bu görüşdə iştirak edib. Adam Şiff Trampın düşmənlərindən biri sayılır.

Paşinyan və erməni kilsəsi

Bütün ermənilərin katalikosu II Qareqin Paşinyan ABŞ-dan qayıtdıqdan sonra onunla “hökuməti zəiflədən din xadimlərini diz çökdürmək” bəyanatını müzakirə edəcək. Bu xəbəri “Sputnik Armenia” yayıb.

Los-Ancelesdəki mətbuat konfransı zamanı Paşinyan qeyd edib ki, hökumət kilsənin daxili işlərini qarışmadığını deyəndə, bəzi din xadimləri elə bilirlər ki, indiki hökumət digərlərinə bənzəmir və ona quyu qazmaq olar. Paşinyan bəyan edib ki, bu din xadimləri cavab zərbəsini görəcəklər və sözün əsl mənasında, diz çökəcəklər.

Paşinyanın reytinqi

“Qraparak” erməni qəzetinin məlumatına əsasən, Paşinyanın reytinqi düşüb.

“Məlum olduğu kimi, hökumət gizli sosial sorğular keçirərək siyasi qüvvələrin və siyasi xadimlərin reytinqini müəyyən edir. Bu yaxınlarda sosial şəbəkədə növbəti sosial sorğunun nəticələri açıqlanıb. Nəticələrə əsasən, Paşinyanın reytinqi aşağı düşüb və 25 faiz həddinə çatıb”.

Qeyd edək ki, bu nəticə Paşinyanın ABŞ-a səfərindən əvvəl keçirilib.