Nazir: 1992-1993-cü illərdə 267 min hektar üzüm sahəsi vəhşicəsinə məhv edilib

19:54 27-09-2019 535

Çox təəssüflər olsun ki, 80-ci illərin sonu, 90-cu illərin əvvəlində, xüsusilə də 1992-1993-cü illərdə, AXCP-Müsavat cütlüyünün hakimiyyətdə olduğu dövrlərdə 267 min hektar üzüm sahəsi vəhşicəsinə məhv edilib.

HerGun.Az xəbər verir ki, bu fikirləri Göyçay rayonunda keçirilən “Narçılığın inkişafı: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsində Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib. O bildirib ki, ötən əsrin 70-80-ci illərində Azərbaycanda 267 min hektar üzüm sahəsi olub:

“Biz ötən əsrin 70-80-ci illərdə aqrar sahədə mövcud olan ənənələrimizə çatmaq yolunda mübarizə aparmalıyıq. Məsələn, 80-ci illərdə ölkədə 267 min hektar üzüm sahəsi olub. Bu gün biz 16 min hektar üzüm sahəsi ilə kifayətlənməli oluruq. Çox təəssüflər olsun ki, 80-ci illərin sonu, 90-cu illərin əvvəlində, xüsusilə də 1992-1993-cü illərdə, AXCP-Müsavat cütlüyünün hakimiyyətdə olduğu dövrlərdə 267 min hektar üzüm sahəsi vəhşicəsinə məhv edilib. Azərbaycanda 80-90-cı illərdə barama istehsalı 6 min ton təşkil edib. Bu gün biz hədəfi Dövlət Proqramına salmışıq. Biz 6 min ton barama istehsal edirdik. Çünki Azərbaycanda 30 barama qurutma məntəqəsi, barama tədarük məntəqələri var idi. 31 baramaçılıq idarəsi vardı. Nə baş verdi? 1991-ci ildə biz 6 min ton barama istehsal edirdik, amma 1992-1993-cü illərdə bu infrastruktur darmadağın edildi. Hesab edirəm ki, bunun yalnız bir adı var - vəhşilik və barbarlıq!" 

Nazir bildirib ki, aqrar sahənin inkişafı üçün vaxt tələb olunur: “Dövlətimiz qətiyyətlə bu sahənin inkişafına diqqət yetirir. 30 ilə qurulmuş bir infrastrukturu - 264 min hektar üzüm sahəsini bir neçə ilə məhv etmək mümkündür, amma bunun bərpası üçün onilliklər lazımdır. Hazırda biz Ulu Öndər Heydər Əliyev tərəfindən bizə qoyulmuş mirasın bərpasına çalışırıq”.