Putinin kriminal avtoritetlərə qarşı sərtləşməsi nəticə verdi - “Oğrular” dərinə endilər

20:09 27-06-2019 838

Kriminal avtoritetlərin illərdir ən çox toplaşdığı ölkə Rusiya olsa da, bu ölkədə qanunların sərtləşdirilməsi vəziyyəti bir qədər dəyişib. Rusiya hökuməti onlara qarşı sərt mübarizə üsullarına baş vurub.

Belə ki, Rusiya Prezidenti Vladimir Putin 2019-cu il aprelin 1-də kriminal avtoritetlər - “qanuni oğrular” - üçün cəzanı sərtləşdirən qanun imzalayıb. O, cinayətkar iyerarxiyasında liderliyə görə yeni maddə tətbiq edib və cinayətkar qrupların yığıncaqlarında iştiraka görə məsuliyyət müəyyənləşdirib. 

Rusiyanın Cinayət Məcəlləsinə “Cinayətkar iyerarxiyasında yüksək mövqe tutma” yeni maddəsi əlavə edilib. Həmin maddə 8 ildən 15 ilədək azadlıqdan məhrumetməni və 5 milyon rubladək cəriməni nəzərdə tutur.

Cinayətkar qrupların yaradılmasına və ya onlara başçılıq edilməsinə, eləcə də cinayətkar qrupların yığıncaqlarında iştiraka görə 20 il həbs cəzası gözlənilir. 

Bəs bundan sonra “qanuni oğrular”ın Rusiyada fəaliyyəti necə “tənzimlənəcək”?

Məsələ ilə bağlı HerGun.Az-a Rusiya Jurnalist Araşdırmaları Agentliyinin direktor müavini, Sankt-Peterburq Daxili İşlər Baş İdarəsinin Cinayət Axtarış İdarəsinin keçmiş əməkdaşı Yevgeni Vışenkov açıqlama verib.

Onun sözlərinə görə, Rusiyada qanuni kriminal avtoritet və oğruları indi yalnız cinayətkar iyerarxiyasında yer aldıqlarına görə tutacaqlar:

“Hətta kriminal liderin konkret cinayətdə iştirakını təsdiq etmək mümkün olmasa, o, təkcə statusuna görə 20 il müddətinədək həbs oluna bilər. Rusiyanın hüquq-mühafizə orqanlarında bir çox avtoritetin bütöv dosyesi var. Mütəşəkkil cinayətkar qrupu idarəetmə faktının özü məhkəmənin ittiham hökmü çıxarması üçün kifayət qədər əsas sayılacaq”. 

Qeyd edək ki, Gürcüstan artıq 15 ildir belə qanunu təcrübədən keçirir, ancaq orada avtoritetlər üçün cəza iki dəfə az nəzərdə tutulub. 

Bu arada Y.Vışenkovun qeyd etdiyi kimi Roma hüququ baxımından bu, düzgün deyil. Buna rəğmən, qanuna edilmiş sözügedən dəyişiklik “qanuni oğrular”ın hərəkətinə emosional rəng qatıb və ona gətirib çıxarıb ki, onlar KİV səhifələrində və polisin məlumatlarında daha az görünməyə başlayıblar. 

Ekspertin sözlərinə görə, hazırda oğru iyerarxiyasına öz mənsubiyyətini göstərmək dəbdən düşüb:

“Bir vaxtlar ətrafdakılarına hər vəchlə başa salırdılar ki, cinayətkar klanın ali iyerarxiyasına mənsubdurlar. Lakin göstərişli dəbdəbənin vaxtı keçib. Özünün sosial mövqeyi ilə lovğalanmaq axmaqlıqdır”. 

Jurnalistin sözlərinə görə, hazırda Sankt-Peterburqda beş kriminal avtoritet – üç gürcü, bir rus və bir abxaz - fəaliyyət göstərir, onlar kölgə biznesinə nəzarət edirlər. Onlar avtomobil oğurluqlarında ixtisaslaşmış oğrulara, dələduzlara, gizli araq və siqaret istehsalına himayədarlıq edirlər. 

Y.Vışenkov onu da əlavə edib ki, Sankt-Peterburqda meyvə-tərəvəz biznesinə Şəmkirdən gələnlər nəzarət edirlər.

Məlumat üçün bildirək ki, Türkiyədə də hüquq-mühafizə orqanları türk və digər cinayət klanlarına qarşı ciddi mübarizə aparmağa başlayıb. Kriminal avtoritetlərin yaxın dövrədək “oğru sxodkaları”nda toplaşdığı Türkiyə oğru iyerarxiyası nümayəndələri üçün artıq etibarlı “qala” deyil.

Türkiyə də Rusiya kimi cinayətkar klanlarla mübarizə qaydalarını dəyişir. Bundan sonra odlu silahdan istifadə etməklə açıq “razborkalar”ın sayı azalacaq. Kölgə bazarında rəqiblərini fiziki cəhətdən məhv etməyin yeni formaları üzə çıxır – “oğrular” dərinə eniblər. 

Ramella İbrahimxəlilova