Tələsmə

13:54 03-10-2019 489

Ramin Musayev yazır...

Uşaq və gənc olarkən 40 yaşdan yuxarı şəxslər bizə qoca gəlir. Düşünürük ki, elə məhz 40 yaşa kimi imkan var, nəyə isə nail olmalıyıq, yoxsa sonra gec olacaq. Bunlar yanlış fikirlərdir. 

Uğuru hər bir yaşda qazanmaq mümkündür, yetər ki, istək və inam olsun. Böyüklərin borcu gənclərlə öz təcrübələrini bölüşməkdir. Amma nə qədər adam bunu edir? Biznes sahəsində mühazirələr, seminar edənlər külli miqdardadır. Bəs həyat tərzi? Hansı səhvlərin qarşısı alınmalı, onlarla necə mübarizə aparmağın yolunu göstərən, demək olar ki, yoxdur.  

Bəs 40 yaşdan sonra nə baş verir? 

40 yaşa kimi qorxu içində yaşayaraq, gələcək həyatını təmin etmək üçün çox işləyirik. Demək olar ki, şəxsi həyatını yaşamayıb, var gücümüzü işə həsr edirik. Kim isə uğurlu olur, kim isə o qədər deyil. Amma 40-a addım atandan sonra anlamağa başlayırsan ki, heç nə dəyişməyib, elə əvvəlki kimi gəncsən, amma çox yorulmusan. 

Elə bu anda Orta Yaş Böhranı başlayır. Bəs bu nədir? Nəyə görəsə bunu neqativ kimi qələmə verirlər. Amma bu gözəl bir mərhələdir. Çünki gənc olmaqla yanaşı, artıq həyat təcrübəsi var. İnsan öz həyatını yaşamağa başlayır.

Fitnes məşqlərinə gedir, öz geyim qarderobunu dəyişdirir, saç düzümünə əl gəzdirir, yaxşı maşın alır, şəxsi həyatına daha çox vaxt ayırır. Kişilər ailələri ilə daha çox vaxt keçirməyə başlayır. Ailədə həyat yoldaşları ilə uğursuz olanlar sevgili axtarışına çıxır. Bu da normal haldır, çünki pozitiv emosiyalara ehtiyacı var. 

Biznesə gəldikdə, hər şey yaxşılığa doğru dəyişir. Çünki artıq təcrübəli şəxs daha az səhvlər edir, öncədən onların nəticəsini bilir. Artıq işə ehtiyatlı yanaşır, az risk edir. Atalar demiş, yüz ölçüb, bir biçir. İşini genişləndirib, daha uğurlu edə bilir. Yaxud işlədiyi şirkətdən ayrılıb, arzusu olan işini qurur və uğurlu da olur.

Çox tələsirik

20 yaşda düşünürük ki, 25-ə kimi rəhbər və zəngin olmalıyıq, eynisini 30 və 35 yaşlarında da hədəf qoyuruq. Gənc yaşlarında təcrübəsiz olduğumuz üçün daha çox səhvlər edirik. Amma bununla yanaşı, daha ambisiyalı oluruq, bu da daha qısa zamanda uğurlu olmağa yol açır. Daha az şəxsi tələblərlə hər bir işə daha az maaşla və gəlirlə başlayırıq. Çox sürətlə karyera pilləkənləri ilə irəliləyirik.

Öz təcrübəmdən deyə bilərəm ki, sürətlə karyera qurmaq da təhlükəlidir, çünki həyat təcrübəsinin az olması, bununla yanaşı, öz üzərinə böyük məsuliyyətin götürülməsi daha böyük səhv və itkilərlə nəticələnə bilər. Çünki nə qədər yüksəyə qalxdınsa, oradan yıxılmaq o qədər ağrılıdır. Bunu, adətən, “həyat təcrübəsi” adlandırırlar.

Səhvlər - biznesin qurulmasında strateji səhvlər, personal, yaxud partnyorlarla olur. Gənc yaşlarında insanlara inam daha yüksək olur, ona görə də onlarda yanılırıq. Onların necə hərəkət edəcəklərini öncədən görmürük və çox zaman onların “toruna düşüb” itkilər verə bilirik.

Məsləhətim

Heç zaman tələsməyin. Çünki hər şeyin öz vaxtı var, vaxtı gələndə həyat özü sizə onu təqdim edəcək. Özü də asanlıqla. 

Asanlığa gəldikdə demək istərdim ki, həyatda hər şey asan əldə olunmalıdır. Əgər çətinlik və problemlərlə olursa, deməli, bu, sizin yolunuz deyil. İnsanlar düşünür ki, çətinliklə başa gəlirsə, deməli, uğur daha “şirin” olur. Amma bu belə deyil. Daha çox vaxt itkisi, daha çox əziyyət və stresdən insan çox tez “qocalır”, resursu bitir, xəstələnir. Sonra da qazandığı pulu müalicə, dərmanlara və həkimlərə xərcləyir. 

İlk növbədə işləyəcəyiniz sahədə təhsil almaq, yaxud seçdiyiniz peşəni dərin öyrənməyə çalışın. Təcrübəli şəxslərin yanında işləyərək, təcrübə toplayın, sonra isə biznes okeanına baş vurun. Tələsməyin, çünki bütün həyat öndədir. Bütün vaxtınızı işləməyə həsr etməyin, şəxsi həyatınıza da vaxt ayırın.

40 yaşdan isə qorxmayın, heç 50, 60, 70-dən də belə! Həyatın hər mərhələsinin öz ləzzəti var, insanlar heç zaman daxilən qocalmır, qəlbində hər zaman gənc qalır. Yetər ki, tələsmə!