“Robota “iqra” kimi baxan” deputatlara sərt reaksiya: Hakimiyyətin qanunverici qolunda təmsil olunursa...

16:27 04-10-2019 340

Deputatlar Fəzail Ağamalı və Ağacan Abıyevin İctimai Televiziyada (İTV) yayımlanan və aparıcısı robot olan “3D” verilişinə qatılmaqdan imtina etmələri cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Sosial şəbəkələrdə gedən müzakirələrdə belə fikirlər səsləndirilir ki, belə mövqedə olan insanlar yeniliklərə açıq deyillər.

Media eksperti Zeynal Məmmədli mövzu ilə bağlı HerGun.Az-a açıqlamasında deyib ki, vətəndaşın hər hansı verilişə qatılmaqdan imtina etmək hüququ var.

Bununla belə, Z.Məmmədli əlavə edib ki, vətəndaş ictimai yük daşıyırsa, xüsusilə də hakimiyyətin qanunverici qolunda təmsil olunursa, onların imtinası çox ciddi şəkildə əsaslandırılmalıdır.

“Deputatlar imtinasını elə savadlı və məntiqlə əsaslandırmalıdırlar ki, kimsə onların yeniliklərə açıq olmadığı qənaətinə gəlməsin. Məsələn, onlar “robot aparıcı bir az da təkmilləşdirilsə, biz onun suallarını məmnuniyyətlə cavablandırarıq” desəydilər, daha yaxşı olardı”, - deyə Z.Məmmədli əlavə edib.

Ekspert bildirib ki, deputatlar ictimai şəxs olduqları üçün çalışıb hansısa verilişə çıxmaqdan imtina etməməlidirlər:

“İmtina edirlərsə, bunu çox ciddi, təminedici şəkildə ictimaiyyət üçün əsaslandırmalıdırlar”.

Qeyd edək ki, deputat Fəzail Ağamalı İTV-də yayımlanan “3D” proqramında qonaq olmaqdan imtina edib. Bu barədə verilişdə məlumat verilib.

“Bu gün Fəzail Ağamalı qonağım olmalı idi. Hətta buraya qədər gəldi, divanımda əyləşməkdən imtina etdi. Bəhanəsi isə o oldu ki, o, daha ciddi aparıcının qonağı olmalıdır. Niyə gəlirdin buraya, Fəzail müəllim? Verilişə bir internetdən baxardınız, görərdiniz, haraya dəvət almısınız”, - deyə proqramın aparıcısı robot Dadaş Dadaşlinski deyib.

Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev Fəzail Ağamalıya haqq qazandırıb.

A.Abıyev Demokrat.az-a açıqlamasında bildirib ki, Fəzail Ağamalı sözügedən verilişə qatılmaqdan imtina etməklə doğru qərar verib:

“Fəzail müəllim doğru deyir. Robotun apardığı veriliş nə olacaq?! Robot adama sual verirsə, bəs ona cavab verəsən? Mən robota “iqra” kimi baxıram. Mənim üçün robotla “iqra”nın fərqi yoxdur. Mənim robotlarla oynamağa vaxtım yoxdur. Dəvət etsələr də, bu cür verilişlərə getmərəm”.

Aqşin Kərimov