Azərbaycandan Avropaya gedənlərin sayı artıb

02:09 05-10-2019 593

Son zamanlar Azərbaycandan Avropa ölkələrinə gedənlərin sayında müəyyən artım hiss olunur.

Bunu HerGun.Az-a açıqlamasında Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyib. 

Onun sözlərinə görə, Almaniya və Fransaya gedənlər çoxluq təşkil edir:

“Çünki bu ölkə universitetlərində oxumaq üçün oraya gedən çoxsaylı gənclərimiz var. Bu ölkələrin təhsil sistemində kifayət qədər geniş imkanlar mövcuddur. Tələbələr də bu sistemdən yararlanmağa çalışır. Bu səbəbdən xaricə getmək istəyən tələbələrin bir qismi  bu gün dinamik əhali təbəqəsinin çoxluq hissəsini təşkil edir. 

Hazırda 10 minlərlə gənc Rusiyada təhsil alır.  Bu da miqrasiya mübadiləsinə təsir edir.

Eyni zamanda son vaxtlar Azərbaycana Orta Asiya ölkələrindən gələnlərin sayında da artımlar hiss olunur”.

“Azərbaycan gələn miqrantlar arasında ölkəmizə qeyri-qanuni şəkildə ölkə ərazisinə daxil olmağa cəhd edənlər var. Amma Azərbaycandan xaricə gedən vətəndaşlar əsasən qanuni yolla gedirlər. Yəni qeyri-qanuni şəkildə sərhədi keçmək halları yoxdur. Amma xarici  ölkədə qaldıqları zaman müxtəlif səbəblərə görə qanunu poza bilirlər. Məsələn, viza müddətindən artıq qalma, müvafiq qaydada qeydiyyata düşməmə və s. səbəblərə görə bu hallar baş verir. Vətəndaşlarımız bu pozuntuları bilərəkdən etmir. Məlumatsızlıq, müxtəlif qurumların, şirkətlərin tilovuna düşmək, həmçinin ayr-ayrı şəbəkələrin qurbanına çevrilmə hallarına görə onlar qeyri-qanuni miqranta çevrilirlər.

Azərbaycanın daha çox miqrasiya mübadiləsi Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna və İranladır. Bizim vətəndaşlarla yanaşı bu ölkələrdən Azərbaycana gələnlərdə olur”, - deyə şura sədri qeyd edib.

Sevinc Yasinqızı