74 yaşlı Masallı sakini soyuğa belə meydan oxuyur - VİDEO

18:18 06-10-2019 11

Havalar getdikcə soyuyur. Bəs sizin soyuğa dözümünüz nə qədərdir?

Nə qədər olsa da, Masallı rayon Hişkədərə kənd sakini Ələmdar kişi kimi dözümlü ola bilməzsiniz. Onun istiyə dözümü olmasa da, soyuqla arası əladır. Yayda hər gün səhər və axşam kənddəki avtoyuma məntəqəsində yuyunan 74 yaşlı Ələmdar kişi qışda da evini qızdırmaq üçün heç bir iş görmür.

Ələmdar Əliyev dünyaya qüsurlu gəldiyindən anası ondan imtina etmək istəyib. Övladını 1946-ci ilin soyuq qış günündə həyətyanı sahədə qarın içinə atıb. Yeni doğulan körpə üç gün qar üzərində qalsa da, ölməyib. Bunu görən valideynlər uşaqdan imtina etməkdən əl çəkiblər. O, 40 ildən çox elektrik montyoru işləyib, ən soyuq havada belə istənilən hündürlüyə qalxır və rabitə sahəsində qış aylarında baş verən problemləri dərhal aradan qaldırır.

Hazırda təqaüddə olan qəhrəmanımız, yaşının çox olmasına baxmayaraq, idmanla da məşğul olur. Ələmdar kişi ilin bütün fəsillərində soyuq suda yuyunduğunu, amma bir dəfə də xəstələnmədiyini deyir. Soyuq su bədəninə dəyəndə isə özünü gümrah və cavan hiss etdiyini bildirir.

Onun ən böyük arzusu isə “Ginnesin rekordlar kitabı”na düşməkdir. Ağsaqqal bu istəyinə nail olmaq üçün illərdir ki, qarlı-şaxtalı havalarda Xəzər dənizinə baş vurur.