Astarada mal-qara qəzaya səbəb oldu, üç nəfər yaralandı - Bakıdan həkimlər çağrılıb

22:09 06-10-2019 416

Astarada iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
 
HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, qəza Astara rayonunun Təngərüd kəndində qeydə alınıb. 
 
"Mercedes" markalı minik avtomobilinin 25 yaşlı sürücüsü, Təngərüd kənd sakini Əsgərov Əhməd Sabutay oğlunu yola qəfil çıxan mal-qara çaşdırıb və nəticədə qohumu, 54 yaşlı Əsgərov Arzu Əlislam oğlunun idarə etdiyi "Ford Transit" avtomobili ilə toqquşub. 
 
Hadisə zamanı yaralanan 3 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onlardan "Mercedes"in sürücüsü və sərnişini reanimasiya, "Ford"un sərnişini, 47 yaşlı Allahverdiyeva Kəmalə Şair qızı isə travmatologiya şöbələrinə yerləşdirilib. 
 
"Mercedes"də olan 26 yaşlı sərnişin Əsgərov Ramiz Pərviz oğlu kəllə-beyin travması diaqnozu ilə daha ağır yaralandığı üçün paytaxtdan həkim briqadası çağırılıb. 
 
Faktla bağlı araşdırma aparılır.
 
Rövşən Mövlan.