Xəzər dənizində güclü küləklə bağlı - XƏBƏRDARLIQ

11:27 07-10-2019 354

Oktyabrın 7-si səhər saat 9:00-dan axşam saat 21:00-dək küləyin sürəti artacaq.

HerGun.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan xəbərdarlıqda bildirilib.

Məlumatda Xəzər Dəniz Akvatoriyasında oktyabrın 7-si səhər saat 9:00-dan axşam saat 21:00-dək Şimal Qərb, Şimal küləyinin sürəti 13-18 metr saniyə, arabir 20-23 metr saniyə olacaq.

Sonrakı inkişafda küləyin sürəti isə 25-30 metr saniyəyədək güclənəcək. Dalğanın hündürlüyü 2,5-3,5 metr, sonrakı inkişafda 3,5-5,5 metr olacaq. Axşama doğru küləyin sürətinin azalacağı gözlənilir.

Hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb.

Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə NAVTEX və digər rabitə əlaqəsi vasitəsilə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. 

Gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib. Növbə çəkmə ərazilərində növbə çəkən gəmilərin hərəkətində problem yaşanmayıb. Bununla yanaşı, dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hava xəbərdarlığı ilə bağlı məlumatlandırılıb. Azərbaycanın sahilboyu ərazilərində son naviqasiya və rabitə stansiyaları tam gücü ilə işləyir. 

Könül Cəfərli