“Maşın”da Məcidin aqibəti həll olunur

22:36 07-10-2019 556

Reytinqləri alt-üst edən, ölkənin ən bahalı və baxımlı telelayihəsi “Maşın” realiti-şounun “Maskarad” adlı sürətinin yeddinci efir gününə start verilib.

HerGun.Az xəbər verir ki, gün-gündən avtomobil ətrafında iştirakçıların sayı azalan şouda 11 məşhurun qızğın və mübarizə dolu oyunu başlayıb.

Şounun aparıcısı, Xalq artisti Murad Dadaşov “Maşın”da aqibəti həll olunacaq iştirakçını seçmək üçün 11 məşhur arasında keçirilmiş səsvermənin nəticələrini açıqlayıb. Oyunda şəkli 6 dəfə qutuya atılan aktyor Məcid Hüseynov olub. Tribunaya çıxan Məcid şouda “qalmaq” üçün üzünü tamaşaçılara tutaraq onlardan səs istəyib: 

“Şouda bu mənim ikinci iştirakımdır. Siz tamaşaçıların sevgisi olmasaydı, mən burada olmazdım. Yəqin ki hər şey yaxşı olacaq. Amma mənim şəklimi bu qədər adamın atacağını bilməzdim”.

Müğənni Aysun İsmayılova isə efirə gedən süjetdə hədəfinin Məcid olduğunu söyləyib: 

“Məcidə böyük hörmətim var idi, o günə qədər ki, Aqşin oyundan çıxdı. O səni yalan danışmaqda ittiham etdi, sən isə boynuna həqiqəti almadın. Mən əgər tribunaya çıxsam, Məcid mənim hədəfim olacaq və şouda qaldığım təqdirdə onu oyundan çıxaracağam”.

Bununla yanaşı, Aysun, özünün, Aqşin Fatehin, Qurdun, Məcid Hüseynovun və Türkan Vəlizadənin bir qruplaşmada olduğunu açıqlayıb. Hazırda aktyor Məcid Hüseynovun şouda aqibəti həll olunur. O hələ ki hədəfinin kim olduğunu açıqlamayıb.

Rəşad Əliyev