Azərbaycanın yeni Baş naziri kimdir? - DOSYE

12:36 08-10-2019 1090

Bu gün Baş nazir Novruz Məmmədov istefasını Prezident İlham Əliyevə təqdim edib. Milli Məclisdə Əli Əsədov yeni Baş nazir kimi təsdiqlənib.

HerGun.Az Azərbaycanın yeni Baş nazirinin dosyesini təqdim edir:

Əsədov Əli Hidayət oğlu 1956-cı il noyabrın 30-da Naxçıvan şəhərində anadan olub. 1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş lobarant kimi başlayıb. 1978-1980-ci illərdə hərbi xidmətdə olub.

1980-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda Baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989-1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində çalışıb.

1995-2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib.

2012-ci ilin iyun ayında 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 2016-cı ilin 30 noyabrında 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 1-dərəcə dövlət müşaviridir.