Rəsmi Bakı: Paşinyan KTMT-ni Qarabağ münaqişəsinə cəlb etmək istəyir

16:00 29-11-2019 663

Ermənistanın Baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Bişkekdə keçirilən iclasında səsləndirdiyi fikirlər onun növbəti dəfə yalan və militarist ritorikadan çıxış etdiyini bariz şəkildə göstərir.

HerGun.Az-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, əslində bu kimi ritorika ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqları pozan elə Nikol Paşinyanın özüdür.

“Cari ilin avqust ayında Ermənistan Baş nazirinin Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində səsləndirdiyi “Dağlıq Qarabağ Ermənistandır” fikri danışıqlar prosesinə çox ciddi zərbə vurub. Əgər Nikol Paşinyan bu fikrini dəyişibsə o, bunu açıq şəkildə bildirməlidir.

Yox, əgər Baş nazir fikrində hələ də qalırsa, bu, danışıqlar prosesinə, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinə və mandatına ciddi zərbədir”, - deyə L.Abdullayeva əlavə edib.

XİN rəsmisi qeyd edib ki, müxtəlif təxribatlar törədən, mülki əhalini atəşə tutan, o cümlədən bu ilin 3 oktyabrında azərbaycanlı ekskavatorçunu qətlə yetirən Ermənistan tərəfi bu kimi təxribatçı vasitələrlə KTMT-ni münaqişəyə cəlb etmək istəyir.

“KTMT üzv dövlətləri ilə Azərbaycan arasında, hərbi-siyasi və hərbi-texniki əməkdaşlıq da daxil olmaqla sıx əməkdaşlıq münasibətləri mövcuddur. Xüsusilə Rusiya ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığı qeyd etmək istərdik.

Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə geniş əməkdaşlıq vardır. Məlum olduğu kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu ilin 30 oktyabr tarixində Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqunu, 26 noyabr tarixində isə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovu qəbul edib.

Hər iki görüşdə 2020-ci ildə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub. Ehtiyac olarsa, Azərbaycan Rusiyadan yeni silahlar ala bilər. Vurğulamaq istərdik ki, bu məsələnin Ermənistan Baş nazirinə hər hansı aidiyyəti yoxdur”. 

L.Abdullayeva söyləyib ki, Prezident İlham Əliyev MDB Dövlət Başçılarının Şurasının Aşqabad şəhərində keçirilən iclasında Ermənistanda faşizmin qəhrəmanlaşdırılması, Njde Qaregin adlı faşist cəlladına abidənin ucaldılması barəsində konkret sənədlərə və dəlilərə istinad edərək çıxış edib.

“Bu çıxışa cavab verməyə cəhd göstərən Ermənistan Baş naziri Paşinyanın gülünc və cəfəng fikirləri Prezident İlham Əliyev tərəfindən cavab çıxışı ilə böyük ustalıqla darmadağın edildi. İndi Ermənistan hökumətinin başçısının bu fikirləri hətta Ermənistanın özündə gülüş və məsxərə obyektinə çevrilib.

Baş nazir Paşinyanın SSRİ xarici işlər naziri Molotovun da Hitler ilə görüşdüyünü qeyd etməsi, həmçinin Njde Qaregini Aleksandr Soljenitsin ilə eyniləşdirməsi tarixi savadsızlıq və sinizmin nümunəsidir”.

Qeyd edək ki, N. Paşinyan KTMT-nın Bişkekdə keçirilən iclasında Qarabağ münaqişəsi ilə bağlı üzv ölklərin başçısına müraciət edib.

O deyib ki, KTMT-a üzv ölkələr mümkün gərginliyin qarşısını almaq üçün  Azərbaycanın yeni silahlar almaqla bağlı çağırışlarını cavabsız qoysun.

Aqşin Kərimov