Çıldağ nədir - mövhumat, ya müalicə üsulu? - VİDEO

21:00 04-02-2020 470

Türkəçarənin bir növü hesab olunan çıldağ qədim zamanlardan qorxunu götürmək məqsədilə müalicə üsulu kimi istifadə olunub. Bakının Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahı el arasında daha çox “Çıldağ” kimi tanınır. Bir çox insan xüsusilə Bakı camaatı zaman-zaman öz qorxularını götürmək, bədnəzəri özlərindən uzaqlaşdırmaq üçün “çıldağ müalicəsi”nə üstünlük veriblər.

Bəs əslində Çıldağ necə edilməlidir? Və ya hər kəs çıldağ edə bilərmi? Uzun müddət bu işlə məşğul olan çıldağçı qadın deyir ki, hər kəs bu işlə məşğul ola bilməz. Çıldağçılıq irsən keçir insana. Müsahibimiz bildirir ki, onlarda da bu nəsildən-nəslə keçib. Çıldağçı qadın deyir ki, müalicə üçün bura gələnlərin sayı kifayət qədərdir. Hətta bəzən həkimlər öz xəstələrini bizim yanımıza göndərirlər.

Söhbətimiz ərzində çıldağ etmə prosesinin necə aparıldığını da öyrəndik. Çıldağçı qadın prosesi əyani şəkildə göstərərək işini belə izah etdi:

“Çıldağ zamanı müəyyən nöqtələrə xüsusi parçadan hazırlanmış köz vurulur. Həmin nöqtələr isə alında, oynaqlarda, topuqlarda, boyun nahiyəsində və qollarda olur. Bu zaman sinirlər ayılır, qan dövranı yaxşılaşır”.

Burada sonuncu mərhələ isə şüşə qab sındırmaqdır. Belə ki, burada digər bir qadın qorxunun götürülməsini niyyət edərək butulkanı ziyarətçinin başına fırlayaraq təyin olunmuş yerə çırparaq sındırır. Bununla da proses başa çatmış hesab olunur.

Müsahibəmiz ərzində onu da öyrəndik ki, prosesi tamamilə bitirmək üçün bir insan üç dəfə çıldağ olunmalıdır. Onu da qeyd edək çıldağ müalicəsi tək sözügedən pirdə yox, Bakının bir çox yerlərində həyata keçirilir.

Sail Ağasəlim

Vasif Miradəmov