Daşı qızıla çevirən meymun – Axundovun faciəvi mirası

22:40 29-02-2020 406

Aqşin Yenisey yazır...

Ailəsindəki on yeddi uşaqdan on beşincisi olan Bencamin Franklin (bizim “Qara bazarda” “dollar Franklin” kimi tanıdığımız) ABŞ-ın bünövrəsini üç anlayış üzərində inşa etdi: Amerikasayığı yumor, fəlsəfi praqmatizm və söz azadlığı.

Aşağı-yuxarı eyni bünövrəni Azərbaycan xalqı üçün Mirzə Fətəli Axundov da irəli sürürdü. Komediyalarındakı qara yumor, zorən bir parçası olduğumuz islam idealizminə rasional-tənqidi, eyni zamanda cəsur açıqsözlü münasibəti milli şüurumuzda özünə yer edə bilsəydi, yəqin ki, indi biz tamam ayrı bir ölkədə yaşayırdıq.  

Amma təəssüf ki, biz bir cəmiyət olaraq, Axundovun yuxarıdakı uzaqgörən mirasını deyil, bizi ələ salan “əgər daşın qızıla çevrilməsini istəyirsinizsə, onda meymunu yaddan çıxarmalısınız” sarkazmını ciddi qəbul etdik və meymunu yaddan çıxarıb daşı qızıla çevirmək üçün yüz əlli ildən artıqdır ki, yaddaşımızla güləşirik.

Darvinin meymunundan çox, Axundovun meymununa inandıq. Darvinin meymunu insanlığın keçmişinə işıq tuturdu, Axundovun meymunu isə bizim gələcək haqqındakı illüziyamızın obrazı, rəmzi oldu. “Milli absurdizm” dediyim məsələlərdən biri də budur ki, Darvinin meymununa inanıb Darvinizmi göylərə qaldıran darvinsevərlərdən fərqli olaraq, Axundovun meymununa inananlar Axundovun düşmənləri idi, bu gün də Axundovu söyənlər inanırlar ki, meymunu unuda bilsələr, Qobustan qayalıqları dönüb olacaq qızıl yatağı. 

“Əgər daşın qızıla çevrilməsini istəyirsinizsə, onda meymunu yaddan çıxarmalısınız”. Axundovun bu psixoloji resepti milli faciələrimizin kəlmeyi-şəhadətidir. Yüz əlli ilədən çoxdur ki, hər gecə bu sözləri təkarlayıb yatırıq ki, oyanıb görək meymun yadımızdan çıxıb və evimizin divarları qızıldandır. 

Axundovun meymununa deyil, bu ateistin özünə inananlar isə başqa bir milli absurdizmə dirəndilər. Onlar ötüb-keçən bu yüz əlli il ərzində cəhalət anlayışını yalnız dinin belinə yükləməklə özlərinin siyasi, elmi, əxlaqi, estetik cahilliyini qoruyub inkişaf etdirə bildilər. Və bunun nəticəsidir ki, bu gün cəmiyətin böyük bir hissəsi mənəvi metastaz vermiş bu elmi, siyasi, əxlaqi, estetik cahillikdən qurtulmağın yolunu yenidən dini cəhalətə qayıtmaqda görür. Bax, bu da milli absurdizmin yeni bir formasıdır ki, öz İoneskosunun yolunu gözləyir.

Bəlkə nə vaxtsa Darvinin meymunu insanlığın yadından çıxacaq, amma Axundovun “daşı qızıla çevirən” meymunu bizim yadımızdan heç vaxt çıxmayacaq. Çünki yadımızdan çıxacağı gün -bizə müftə sərvət bəxş edəcəyi söylənilən bu meymun yaddaşımızda zühur etdiyi gün bizim gələcəklə bağlı arzularımızın toteminə çevrildi. Xoşbəxtliyə gedən yolumuzun bələdçisi oldu. Hindlilərin meymun tanrısı Hanuman kimi Axundovun meymunu da bizim mənəvi-psixoloji dünyamızda öz taxtını qurdu. Ona “görüm-baxım” eləmədən arzularımız həmişəlik arzu olaraq qalacaq. Axundov bizim basaratımızın açarlarını Qiyamət gününə qədər bu meymunun əlinə verib. Onu unutmaq üçün həmişə xatırlamalı olacağıq. Bu meymun gələcək haqqında illüziyalarımızın sirrini əlimizdən qapıb öz əlçatmazlığına apardı.

İnsanlarımız üzərində altdan-altdan apardığım müşahidələr əsasında Axundovun meymunun beynimizdəki yerini dəqiqləşdirə bilmişəm. Bu meymun bizim şüurumuzla alt şüurumuzun sərhədində gəzişir və alt şüurumuzdan yaxşı nə ötürülürsə, kinli gömrük məmuru kimi hamısını müsadirə edir, yalnız həyatımıza, gələcəyimizə zərər verəcək zəhərli fikir və ideyaları, hiss və duyğuları şüurumuza ötürür. Bir növ, şüurumuzu və şüurumuz vasitəsilə həyatımızı, tariximizi məhv edir, bizi xəstə hiss və duyğulara yoluxdurur. Axundov yüz əlli ilə əvvəl onu başımızın içində gördü və “unudun” dedi, bununla da dəli yadına daş saldı. 

Bu meymun şüurumuzu alt şüurumuzun əsirinə, köləsinə çevirdi. İndi mən şüur və alt şüurun fəaliyət özəlliklərinin bir neçəsini yazacağam və bunların hansının bizim insanlarda daha çox müşahidə olunduğunu siz də təsdiqləyəcəksiniz. 

Şüur – Aktiv yaddaşımızı mühafizə edir, iradəmizi yaradır və gücləndirir, məlumat toplayır, yeni şeylər öyrənir, təcrübələrimizi saf-çürük edir, mühakimə edir, məntiqə əsaslanır, yumoru anlayır, müqayisə etmək bacarığı var, keçmiş, indiki və gələcək zamanları ayırd edə bilir. 

Alt şüur – Passiv yaddaşımızdır, heç bir analiz etmək bacarığı yoxdur, spontandır, iradəmizə tabe deyil, bir neçə işə eyni anda reaksiya verir, instinktivdir, yumor hissi yoxdur, nəyin yaxşı, nəyin pis olduğunu qanmır. Tezbazardır, vərdişlərimizin xeyrini, ziyanını araşdırmadan özündə depolayır, keçmişi “indi və burada” xərcləyir. Gələcək haqqında heç bir fikri yoxdur, eqoistdir, cırtqozdur, gecə-gündüz çalışır, eşşəkarısı kimi “zəhmətkeş”dir, emosionaldır, məntiqdən zəhləsi gedir. 

İndi müqasiyəni özünüz aparın. Bizim cəmiyyətdə hansı daha üstün mövqedədir; şüur, yoxsa alt şüur? 

Rus alimi Siolkovski öz xəyallarına ciddi şəkildə inanan entuziast “xəstələr” üzərində apardığı müşahidələrdən bu nəticəyə gəldi ki, onlar, sadəcə, xoşbəxt olacaqları “psixi bir məkan” axtarırlar və bu naməlum məkana yola düşmək üçün “yol yoldaşları” yığırlar, özlərinin ibtidai, kortəbii hipnotik ənənələri ilə bir-birilərini məntiqin “əsarətindən” xilas edirlər, real dünyadan uzaqlaşıb başqa bir dünyanın adamına çevrilirlər. Bu cür “xəstələr” bir-birilərinə qara verə-verə, real dünyanı aşağılaya-aşağılaya özlərini “bu başqa psixi dünyada” çox xoşbəxt hiss edirlər, çünki yaşadıqları real dünyanı təsəvvürlərində artıq özlərinin zibilliyinə  çeviriblər; burada hər kəs iyrəncdir, onlar isə tamamilə başqa bir psixi məkandadırlar, bu məkan gözəldir, cənnətdir, psixi cakkuzidir. 

Entuziastlərdən fərqli olaraq skeptiklər isə qəlbin hökmünə yox, ağıla, reallıq hissinə üstünlük verirlər, skeptiklərə görə, dünyada hər şeyi ağıl yaradır, qəlb isə ondan bəhrələnir. 

Entuziazm fanatizmin bir növüdür ki, şüuru inkar edir. Qəlb inanır, inanmamağı mənasızlıq sayır, ağıl isə şübhə edir, inanmaq istədiyi şeyi axtarır, hətta onu özü yaratmaq istəyir. Qəlb siçanı tutacağına ümid edən pişik kimi səbrlə pusquda yatır, ağıl isə ömrünü çürüdüb pusquda yatmaqdansa, daha qısa və asan yolla siçanı tutmağın yollarını axtarır. Qəlb ağıla kinayə ilə deyir: “Zəhmət çəkmə, sənin axtardığını mən tapmışam”. Ağıl isə ikiqat kinayə ilə cavab verir:

“Yanılırsan, sənin tapdığın mənim axtardığım deyil”.

Psixoterapevt yazıçı Vladimir Levi deyirdi ki, əlbəttə, hər iki cəbhənin olması heç də pis deyil, bəşəriyyətə həm ehtiraslı möminlər, həm də amansız “şeytan vəkilləri” lazımdır. Lakin mühərriklə əyləc arasında qarşılıqlı anlaşma yoxdursa, bəs onda necə olacaq?
Bizim cəmiyət “qəlbçilərin” üstünlük təşkil etdiyi bir cəmiyyətdir. Toplum açıq-aydın ağıllı adamları sevmir, hər addımda onları aşağılayıb çıxdaş etməyə çalışır. Hər “öldürdüyü” ağıl sahibi ilə birlikdə özünün də “öldüyünün”, yoxa çıxdığının fərqində deyil. Niyə? Çünki başqa bir məkana, cənnətə, o psixi cakkuzi “oxay”lığına arxayındır. Bir də Axundovun meymununa,  yəni təsadüfə! 

İnanırıq ki, gec-tez o meymunu unudacağıq və göydən para zəmbillə hamımız üçün müftə xoşbəxtlik düşəcək.