Həyat yoldaşını öldürüb, intihar etmək istədi - VİDEO

19:40 03-03-2020 1095

2019-cu il iyunun 1-də Suraxanı rayonu 30-cu Polis Şöbəsinə yaralı halda təslim olan Zahid Novruzov yaşadığı evdə həyat yoldaşını odlu silahdan açdığı atəşlə öldürdüyünü və sonra intihar etmək məqsədi ilə özünə də güllə atdığını bildirib.

Baku TV xəbər verir ki, sifətindən yaralanan şəxs şöbəyə çağırılan Təcili Tibbi Yardım işçiləri tərəfindən xəsatəxanaya aparılıb və əməliyyat olunub. Polis və prokurorluq əməkdaşları Hövsan qəsəbəsindəki evdə qadın meyiti, yanında tüfəng aşkar ediblər. Məlum olub ki, mərhum 55 yaşlı Təranə Novruzovadır.

Zahid Novruzov rəsmi nikahda olduğu arvadı Təranə Novruzovanın ona xəyanət etməsini bəhanə edib, həyat yoldaşını öldürmək qərarına gəlib. İyunun 1-i saat 17 radələrində yaşadıqları evdə, yataq otağında saxladığı tüfəngi və 4 ədəd patronu götürüb, qonaq otağına keçib. Yaxın məsafədən qadının baş nahiyəsinə 1 dəfə atəş açıb və öldürüb.

Zahid Novruzov bildirib ki, 1985-ci ildə Laçın rayonunda Təranə Novruzova ilə ailə qurub, müharibədən sonra ailəsi ilə Bakıya gəlib. Həyat yoldaşı ilə münasibətləri əvvəl yaxşı olub. Hadisədən 2 il əvvəl Hövsan qəsəbəsində çimərlikdə, adını xatırlamadığı qadınla istirahət edərkən oğlu Ruslan onların videosunu çəkib, anasına göstərib.

Bundan sonra Təranə ilə mübahisələri başlayıb. 10 ay ərzində Təranə oğlu ilə birlikdə Nərimanov rayonunda kirayədə qalıb. Daha sonra övladları onları barışdırdığından yenidən birlikdə yaşamağa başlayıblar. Zahid Təranədə dəyişikliklər hiss edib, ona xəyanət etməsindən şübhələnib. Yoldaşından bu barədə soruşduqda, o, etiraz edərək xəyanət etmədiyini deyib.

Təxminən bir ay əvvəl Naxçıvan şəhərinə qızının evinə qonaq gediblər. Orada olarkən Təranəyə Bakıya qayıdandan sonra onunla boşanacağını söyləyib. Hadisə olan gün, saat 15 radələrində Nurlan evdən çıxdıqdan sonra evdə yalnız Təranə qalıb. Zahid yataq otağında saxladığı 16 kalibirli ov tüfəngini və dörd ədəd patronu götürüb qonaq otağına keçir. Məqsədi arvadını qorxudub “Bibiheybət” məscidinə aparmaq olub.

Zahid özü boşanmaq barədə ərizə vermək istəsə də, oğlanları buna mane olublar. Ona görə arvadının özünün boşanmaq barədə fikrini oğlanlarına deməsini istəyib. Yoldaşının kondisonerin tozunu sildiyini görüb, aşağı düşməsini, ona sözü olduğunu bildirib. Təranə masadan aşağı düşdükdə silahı göstərib, biz “Naxçıvanda söz danışmışdıq, gəl gedək and içək boşanaq, evə qan salma" deyib. Təranə oğlu Ruslanı çağıracağını söyləyib, çölə çıxmaq istədikdə Zahid patronların ikisini tüfəngə qoyub, "onu vuracağını" bildirib. Yoldaşı ona "səndə o kişilik yoxdu məni vurasan" deyəndə, Zahid təxminən 5 metr məsafədən 1 dəfə arvadının baş nahiyəsinə atəş açıb.

Güllə arvadının ağız nahiyəsinə dəyir və o, yerə yıxılır. Arvadını vurduğuna görə peşman olan Zahid özünü öldürmək qərarına gəlir. Bu məqsədlə tüfəngi boğaz nahiyəsinə dirəyib atəş açır, lakin güllə sol yanağından çıxır. Sonra polisə gedərək təslim olur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zahid Novruzov 17 il müddətinə azadlıqdan məhrum olunub.