Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib - RƏSMİ

12:20 02-04-2020 335

“Azərbaycana ötən gecə tibbi maska istehsalı üçün xammal gətirilib”.

HerGun.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, bir müddət bundan əvvəl dövlət orqanları maska istehsalını təşkil etmək üçün tədbirlər görüb:

“Bu sahədə irəliləyiş var. Maskaların istehsalı üçün avadanlıqların böyük hissəsi quraşdırılıb. Dünən gecə xammal gətirilib. Tələbat kəskin artdığı üçün bütün ölkələrdə çatışmazlıq var. Bir müddət dövlət orqanları ölkədə maska və spirtin istehsalı üçün tədbirlər görürlər.

Xammal idxalına rüsumlar, əlavə dəyər vergisi ləğv edilib, güzəştli kreditlər təklif olunub. Bütün şərait yaradılıb kit, maska və spirtin yerli istehsalı təşkil olunsun. İstehsal prosesinin dəqiq gününü və saatını demək həmişə mümkün deyil. Amma spirt məhsulları istehsal olunur, qablaşdırılması problemi vardı”.

İ.Məmmədov qeyd edib ki, Sumqayıtda tibbi maskaların istehsalına başlanılıb:

“Aprelin ilk həftəsində bu işlər başa çatıb. Avadanlıqların əksəriyyəti qurulub. Dünən gecə təyyarə ilə tibbi maskaların istehsalı üsçün xammal gətirilib. İkiqatlı, üçqatlı, bakterioloji və nano-cərrahiyyə maskalarının istehsalına başlanacaq. İlk dövrdə gündə 70-80 min ədəd gücü ilə olacaq, sonra gündəlik istehsal 200 min ədədə çatdırılacaq”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva qeyd edib ki, qoruyucu vasitələrin Azərbaycana gətirilməsi üzərində işlərinə aparılır.

İlhamə Əbülfət