Gəncədə saxta jurnalist vəsiqəsilə karantin rejimini pozdu, ələ keçdi - FOTO

11:20 11-04-2020 877

Gəncədə jurnalist olması barədə saxta sənəd hazırlayaraq, karantin qaydalarını pozmağa cəhd edən şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər ərazisində xüsusi karantin rejimi ilə əlaqədar xidmət apararkən, yerli sakin Tural Abbasovun evdən çıxması barədə xüsusi icazəsinin olmasını yoxlayan zaman o, “Gəncənin Səsi” qəzetində işlədiyini bildirib.

Üzərində gəzdirdiyi, həmin qəzetin əməkdaşı olduğuna dair qeydlər olan sənədi polis əməkdaşlarına təqdim etdikdə isə vəsiqənin saxta olduğu müəyyən edilib.

T.Abbasov ərazi üzrə polis idarəsinə gətirilib. İlkin dindirilmə zamanı o, törətdiyi əməli etiraf edib.

Saxlanılan şəxs ifadəsində xüsusi karantin rejiminin qaydalarını pozmaq və şəhər ərazisində sərbəst şəkildə hərəkət etmək üçün saxta sənəd hazırladığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.