Kişilər bu günlərdə qadınlara ev işlərində kömək etməlidir - VİDEO

18:00 11-04-2020 2366

Karantin dövrü ailə münasibətlərinə də yeniliklər gətirib. Uzun müddət evdə qalmaq hətta kişilərin əsrlərdir davam edən hegemonluğunu, patriarxat sistemini zəiflətməyə başlayıb.

Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

Ölkəmizdə ailə münasibətlərini tənzimləyən əsas rəsmi qurum Ailə Qadın və Uşaq Problemləri üzrə dövlət komitəsi də bu günlərdə kişilərə müraciət edərək, onları ev işləri görməyə çağırıb. 

Komitədə hesab edirlər ki, bugünlərdə qadınlar kişilərdən daha çox işləyir. Belə ki, qadınlar hazırda dünya üzrə səhiyyə və sosial xidmət işçilərinin 70%-ni, Azərbaycanda isə 77,6%-ni təşkil edir. İstər-istəməz bu qadınlar karantin rejiminə baxmayaraq, iş fəaliyyətini davam etdirirlər. Digər tərəfdən isə onların ailə-məişət zəminində iş yükü daha da artır. Bu yükün bir hissəsini evdə oturan kişilər öz çiyinlərinə alaraq, xanımlarına yardımçı ola bilər.

Sosioloq Nail Cəlil məsələ ilə bağlı fikirlərini bölüşüb: 

“Yeməklə, içməklə, qidalanmaqla iş bitmir. Təsərrüfat və digər işlərdə faydalı olmalıdırlar, yəni ortaq bir məşğuliyyət tapmalıdırlar ki, bu kimi ziddiyyətlər yaranmasın, yaxud da yarananda onları mülayim və düşünülmüş şəkildə həll etmək mümkün olsun, yəni övladları ilə məşğul ola bilərlər, xanımlara ev-məişət işlərində faydalı ola bilərlər”.

Sosioloq Gülər Məmmədova isə hesab edir ki, bir qisim insanlar, həqiqətən, öz bacarıqlarını daha fərqli şəkildə ortaya qoya bilirlər:

“Onlar öz həyat yoldaşlarına yemək hazırlamaqda, qab və paltar yumaqda kömək etməyib, qadınların digər mənəvi tələbatlarını ödəyərək, onlara yardımçı ola bilərlər”.

Psixoloqlar da bildirirlər ki, bu günün gərginliyini yaşayan insanlar yaranmış vəziyyəti nəzərə alaraq, ailədə rol bölgüsünü düzgün şəkildə etməli, bütün güc, qayğı bir nəfərin üstünə düşməməlidir. Lakin qadınlar da kişiləri alışmadıqları bu duruma məcbur etməməlidirlər.

Elə bu karantin günlərində kişilərin bir çoxu heç də ev işlərindən kənarda qalmayıb. Zaman keçəcək, bu kadrlar isə daim insanlar arasında təbbəssüm dolu xatırlanacaq.