Nazirlikdən “Aqrolizinq”in adının dəyişdirilməsi ilə bağlı AÇIQLAMA - VİDEO

16:40 17-08-2020 499

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrolizinq” ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb. 

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov fərmanı HerGun.Az-a şərh edib. 

Onun sözlərinə görə, fərman fermerlərin kənd təsərrüfatı istehsalı vasitələri ilə təminatının yaxşılaşdırılmasına, onlara göstərilən aqroxidmətlərin səmərəliliyinin artırılmasına və bu prosesdə sistemliliyin təmin olunmasına hesablanıb:

“Fərmana əsasən, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti edilib. Bundan sonra ASC fermerlərin kənd təsərrüfatı texnikası, aqrokimyəvi maddələr, sertifikatlı toxum və ting, texnoloji avadanlıqlar, o cümlədən, suvarma dəstləri ilə təminatını həyata keçirəcək”.

“Hazırda “Aqroservis” ASC-nin lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri isə Aqrar Kredit və İnkişaf Agentliyinə keçib. Nəticədə, aqroxidmətlərin fermerlər üçün daha əlçatan olacağını düşünürük.

Hesab edirik ki, yeni fərman fermerlərə göstərilən aqroxidmətlərin keyfiyyətini daha da yaxşılaşdıracaq”, - V.Hüseynov qeyd edib.

İlhamə Əbülfət