Anar Bağırov: “Yaxın zamanda ölkədə baxımsız və şəraitsiz vəkil qurumu qalmayacaq”

18:00 03-09-2020 432

Artıq peşəkar hüquqi yardımın vətəndaşlar üçün daha əlçatan olduğunu tam əminliklə söyləmək olar.

E-huquq.az xəbər verir ki, bu fikri Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

“Məlum olduğu kimi, son iki ildə ölkəmizdə fəaliyyət göstərən vəkil qurumlarının tam əksəriyyəti həm forma, həm məzmunca yeni görkəm alıb, vəkillərin və qurumların sayları xeyli artıb. Demək olar ki, artıq hər şəhər və rayonda müasir vəkil büroları mövcuddur. Onların şəraitləri yaxşılaşmaqla İKT texnologiyalarından geniş istifadə olunur. Artıq peşəkar hüquqi yardımın vətəndaşlar üçün daha əlçatan olduğunu tam əminliklə söyləmək olar. Çox şadam ki, COVİD-19 pandemiyası və karantin rejimi belə bu yeniləşmə prosesini ləngidə bilmədi”, - deyə Anar Bağırov bildirib.

O qeyd edib ki, bu günlərdə Bakı şəhərində fəaliyyət göstərən qocaman və tanınmış vəkil bürolarımızdan olan 15 saylı Vəkil Bürosu tamamilə yeni görkəmdə vəkillərin və vətəndaşların istifadəsinə verilib:

“Bu büro da daha böyük sahədə, konfidensiallıq qaydalarına və bütün sanitar-gigiyenik normalara cavab verən büroların sırasına qoşuldu. Büronun fasadının və ətraf ərazinin baxımsız olması, açığı, Kollegiyanın sədri kimi məni həmişə çox narahat edib. Həmin küçədə yerləşən dövlət qurumları ilə müqayisədə büromuzun bu halda görünməsi vəkilliyin nüfuzuna mənfi təsir etdiyi şübhə doğurmurdu. Məhz buna görə büro rəhbərliyi ilə müzakirə apararaq problemin həlli üçün təşəbbüslə çıxış etdim. Yerləşdiyi binanın fasadı, küçəsi əsaslı təmir olunub, gözəl yaşıllıq zolağı salındı.

Bu işlərin yerinə yetirilməsində bizə əvəzsiz dəstək verən, müraciətim əsasında bütun sadaladığım işləri qısa zamanda yüksək zövqlə və keyfiyyətlə icra edən “Bakı Abadlıq” şirkətinin rəhbərliyi və kollektivinə, həmçinin bizə dəstək göstərən həmkarlarımıza bütün vəkil korpusu adından dərin minnətdarlığımı bildirməyi özümə borc bilirəm.

Qeyd edim ki, “Bakı Abadlıq” şirkəti ölkə vəkilliyinin maddi-texniki bazasının yaxşılaşdırılmasına dövlətimiz və vəkillərimizlə yanaşı böyük töhfə verib və verməkdə davam edir. Bu danılmaz bir faktdır.

İnanıram ki, yaxın zamanda ölkədə bir dənə belə olsun baxımsız, şəraitsiz vəkil qurumu qalmayacaq”, - deyə A. Bağırov vurğulayıb.