Astaranın 14 kəndinin elektrik enerji təchizatı yaxşılaşdırıldı - FOTO/VİDEO

14:00 04-09-2020 350

Astarada 13 kilometr uzunluğunda 10 kV–luq yeni xətt istifadəyə verildi.

Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Astara Elektrik Şəbəkəsinin ərazisində ümumi uzunluğu 13 kilometr olan 10 kV–luq xəttin çəkilişi həyata keçirilib. Bu isə ümumilikdə 14 kənddə 5 minədək sakinin elektrik enerji təchizatının yaxşılaşdırılması deməkdir. Bu həmin istiqamətdə böyük həcmdə itkilərin də qarşısını alacaq.

Hər il müşahidə edilən sel, güclü qar və  külək 50 ildən çoxdur ki, istismar olunan 10 kV-luq bu xətdə tez-tez qəzaların baş verməsinə səbəb olurdu. Məhz təbiət hadisələri səbəbindən dayaqlar dəfələrlə yıxılıb və onların  yerinə  müvəqqəti dayaqlar basdırılıb. Həmçinin qabaritlər pozulub, naqil keyfiyyətini itirib, nəticədə əhali və digər abonentlər saatlarla işıqsız qalıb. Bundan sonra Astaranın ən ucqar 14 dağ kəndi (Hamoşam kənd İcra Nümayəndəliyinin Klımbi, Hajuvi, Hamuşam, Qədəband, Toradi, Kavüəkər, Rıqulbə kəndləri, Əsxənəkəran kənd İcra Nümayəndəliyinin Əsxənəkəran, Əzərüd, Rüədılə, Şexonpeştə, Motlayataq, Overud, Vıləpərqu kəndləri) daha kefiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.

Qurum istehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması   məqsədi ilə ölkəmizin digər bölgələrində olduğu kimi Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində də geniş quruculuq işlərini davam etdirir.