Bakıda tikinti şirkəti 29 ağac və kolu məhv edib

13:20 11-09-2020 359

Paytaxtın Xətai rayonu ərazisində yerləşən “Real-Park” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus torpaq sahəsində ağac və kolların məhv edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aparılan araşdırmalarla “Real-Park” MMC tərəfindən yaşayış binasının tikintisi məqsədilə ərazidə təmizlik işləri aparılarkən 29 ədəd ağac və kolun məhv edilməsi nəticəsində təbiətə 14880 manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, 25 avqust 2020-ci il tarixli aktdan, 3 sentyabr 2020-ci il tarixli baxış protokolundan və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) tabeliyində olan “Geodeziya və Kartoqrafiya” MMC-dən əldə edilən 2019-cu il və əvvəlki illərə aid peyk görüntülərindən ərazinin mərkəz hissəsində də yaşıllıqların məhv edilməsi və həmin yerin tikinti altına düşməsi müəyyən edilsə də, ETSN-nin tabeliyində olan Dövlət Ekspertiza İdarəsi tərəfindən verilən rəydə ərazinin bir hissəsində məhəllədaxili yaşıllıqların mövcud olması, nəzərdə tutulan tikinti işlərinin ərazinin yaşıllıqlardan azad hissəsində həyata keçiriləcəyi barədə bilə-bilə yalan məlumatların daxil edilməsinə şübhələr üçün əsaslar müəyyənləşib.

Faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 259.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz ağac kəsmə), 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Xətai rayon prokurorluğuna tapşırılıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulan maddi ziyanın məbləğinin müəyyən edilərək ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.