İrakli Dartsmeliya: “Gürcüstanda koronavirus daha çox siyasətdir” - MÜSAHİBƏ

13:40 11-09-2020 410

Gürcüstanda koronavirus pandemiyasının ikinci dalğası elan edilib. Belə bir bəyanatla ölkənin Baş naziri Georgi Qaxariya çıxış edib. O, eyni zamanda bunun təlaşa səbəb olmadığını vurğulayıb.

Həqiqətən, ötən cümə Gürcüstanın pandemiya tarixində COVID-19-a yoluxma səviyyəsi ən yüksək olduğu gün idi və bu rəqəm cəmi 57 nəfəri göstərirdi. Yoluxanların ümumi sayı isə 2000-ə yaxınlaşır.

Yeri gəlmişkən, Gürcüstanda bir çox məhdudiyyətlər var, bu isə ölkənin rəsmi olaraq “yaşıl zona”da yer tutmasına imkan verib. Bu qaydaların çoxu Azərbaycanda da qüvvədədir. Məsələn, ritual mərasimlər, toylar, bayram tədbirləri, yubileylər, anım mərasimləri (10 nəfərdən çox olmayaraq) keçirilmir; bütün tövsiyələr nəzərə alınmaqla Gürcüstan məktəblərində qarışıq təlim modeli (həm əyani, həm də distant) tətbiq olunur; yalnız qoruyucu maskalarla ictimai nəqliyyatdan istifadə etmək olar və s.

Digər ölkələr üçün verilən məlumatları nəzərə alsaq, pandemiyanın “ikinci dalğası” barədə danışmaq vaxtından əvvəl görünə bilər. Ancaq buna baxmayaraq, bu barədə danışıldı.

Media.Az-a verdiyi müsahibəsində məşhur gürcü həkimi İrakli Dartsmeliya bütün məsələnin koronavirus testlərinin sayının artmasında olduğunu deyib və əlavə edib ki, daha çox test daha çox yoluxmuş insanın aşkarlanması deməkdir.

- Hansı səbəbə Gürcüstanda koronavirus pandemiyasının “ikinci dalğasından” danışılır?

- Bu, məni təəccübləndirir. Əgər biz qapalıydıqsa (əslində də bu belədir), onda söhbət nədən gedir? Necə oldu ki, ölkənin müxtəlif bölgələrində infeksiya ocaqları ortaya çıxmağa başladı? Gürcüstana gələn insanlar karantinə alınır. Bu mövsüm beynəlxalq turizm olmadı. İnkubasiya dövrü də artıq keçib.

Bizdə yoluxanların sayı az idi. Və birdən-birə, təkrar edirəm, xəstələrin olduğu yeni klasterlər (Batumidə və sair) meydana çıxır. Onlar haradan gəldilər? Bəlkə gələn hər kəs lazımi prosedurlardan, PCR testlərindən və s. keçirilməyib? O zaman bu, hökumətin məsuliyyətindədir.

- Bəs rəqəmlərə necə reaksiya vermək olar? Gündə 50-60 hal əslində azdır.

- Bəli, rəqəmlər kiçikdir, amma yenə də yoluxanların sayında artım olduğunu göstərir. Ancaq yoluxma hallarının sayındakı artım edilən testlərin sayından birbaşa asılıdır. Belə çıxır ki, statistika adekvat deyil? Biz isə həmişə demişik ki, bizdə edilən testlərin sayı azdır.

- Yeri gəlmişkən, Azərbaycanda demək olar ki, bir milyon test edilib.

- Gürcüstan bu rəqəmlərdən çox uzaqdır. Bizdə belə kütləvi test aparılmayıb, əgər aparılsaydı, yoluxanlar haqqında məlumatlar daha fərqli – daha çox olardı.

- Bəs “pandemiyanın ikinci dalğası” nə deməkdir? Sərhədlər bundan sonra da bağlı qalacaq? Bu isə turizmə və müvafiq olaraq ölkə iqtisadiyyatına zərbədir.

- Bu il dediyim kimi xarici turizm yox idi, yalnız daxili turizm var idi. Ona görə də turizm biznesinə artıq zərbə var. İndi həkim kimi deyil, sadə vətəndaş kimi danışacağam. Mənə elə gəlir ki, baş verənlərin səbəbi qarşıdan gələn parlament seçkilərindədir.

- Bir az da Gürcüstanda tətbiq olunan məhdudlaşdırıcı tədbirlərdən danışaq. Uşaq bağçalarında təlim-təhsil mövsümü oktyabrın 1-nə təxirə salınıb, ictimai nəqliyyatda maska ​​taxmaq məcburidir, məktəblər qarışıq təhsil modelinə (əyani və distant) keçirilib və s. Bir çox qaydalar Azərbaycanda tətbiq olunanlara bənzəyir. Ancaq bizdə koronavirus pandemiyasının ikinci dalğasının başlanğıcından danışılmır.

- Gürcüstanda koronavirus daha çox siyasətdir.

- Axı bu, parlament seçkilərinə necə təsir göstərə bilər?

- Mən, əlbəttə ki, polittexnoloq deyiləm, həkiməm (gülür - red.). Ancaq maskalarda səs vermək kimi elementar şeylər onsuz da öz əvəzinə danışır. Səs verərkən maskanı çıxarmaq lazımdır, yoxsa yox? Seçicini necə eyniləşdirmək olar? Suallar çoxdur. Bir nüans da var. Məsələn, COVID-19 haqqında yaxşı statistikalar hakim partiyanın reytinqinə təsir etdi.

- Bəs düşünmürsünüz ki, pandemiyanın ikinci dalğası ilə bağlı deyilənlər onsuz da təsdiqlənmiş təkrar infeksiya hallarının olması ilə əlaqədardır? Bəzi elm adamları hesab edir ki, sağalmış insanda immunitet 8-9 aya qədər qalır, sonra anticismlər yox olur.

- Əgər söhbət Gürcüstandan gedirsə, ilk yoluxma olmayıbsa, o zaman ikincisi haradan gəldi?

- Axı ilk yoluxma müəyyən olunmaya bilərdi.

- Elə bundan bəhs edirik! Biz ölkədə nə qədər insanın yoluxduğunu bilmirdik və hazırda da bilmirik. Heç bir “ikinci dalğa”dan söhbət getmir. Ya indi daxili yayılma var, ya da xəstəlik tətbiq olunan məhdudlaşdırıcı tədbirləri ötərək xaricdən gətirilib.

- Yeri gəlmişkən, bundan əvvəl məşhur sovet və ukraynalı həkim Yevgeniy Komarovski Gürcüstanda koronavirus hadisələrinin sayı ilə bağlı statistik məlumatların həqiqiliyinə şübhə etdiyini deyib.

- Və o, tək deyil. Ukraynalı həmkarlarımız Gürcüstanla əlaqəli məlumatların həqiqiliyinə şübhə edirlər. Mən isə onları nə təsdiqləyə, nə də inkar edə bilərəm.

- Bəs Gürcüstanda əslində az sayda testə görə sağalmış xəstələrin dəqiq statistikasını olmadığını söyləmək mümkündürmü?

- Bəli, elədir. Həqiqi vəziyyəti müəyyənləşdirmək üçün kifayət qədər test aparılmayıb.

- Və sonda tamamilə tibbi sual: COVID-19 virusunun mutasiyaya uğradığı və bu səbəbdən “immunitet reaksiyasından yayındığı” versiyası var.  Digər bir versiyaya görə isə “anticism titri” sürətlə azalır, nəticədə yeni yoluxma baş verir.

- Bəli, bütün bunlar olduqca mümkün və realdır. Ancaq bunlar son dərəcə spesifik məqamlardır. Onu da qeyd etmək istəyirəm ki, virusun öldürücülüyü azalır. Çox sayda ötürmə ilə ehtimal ki, virus genomunun bir hissəsi itir, daha az ölümcül olur.

Yəqin ki, bu virusla həmişəlik olmasaq da, uzun müddət bir yerdə olacağıq. Söhbət insanların gələcəkdə onu hansı formada daşıyacağındadır. Ümid var ki, soyuqdəymə kimi daha yüngül formada keçirəcəklər.