Rusiyada əcnəbi sürücülərə qarşı tələb sərtləşdirilir

14:20 12-11-2020 364

Rusiya Federasiyasında yaşamaq üçün icazə almış xarici sürücülər və ya xaricdən gələn Rusiya Federasiyası vətəndaşları üçün tələblər sərtləşir.

“Kommersant”ın məlumatına görə, bu barədə sürücülərin hazırlanması ilə bağlı RF hökumətinə təqdim edilən qanun layihəsində bildirilir.

Qeyd edilib ki, hazırda sözügedən sürücülər etibarlılığı məhdud olmayan xarici sürücülük vəsiqələri ilə avtomobillərini idarə edə bilirlər. Nəticədə, bu cür sürücülər mütəmadi tibbi müayinədən keçmir.

Yeni layihəyə əsasən, əcnəbilər yaşayış icazəsi və ya Rusiya pasportu aldıqdan sonra altı ay ərzində öz ölkələrində aldıqları sürücü vəsiqələrindən istifadə edə bilməyəcək. Qanun qəbul edildiyi gündən 180 gün ərzində sürücülük vəsiqəsi dəyişdirilməlidir.

Avrasiya İqtisadi Birliyi ölkələrinin vətəndaşları üçün istisnalar olacaq: Onlar əvvəl verilən milli sürücülük vəsiqəsindən etibarlılıq müddətinin sonuna qədər və ya verildikdən sonra 10 il ərzində istifadə edə biləcəklər.

Bundan başqa, “C” və ya “D” kateqoriyalı milli sürücülük vəsiqələri olan əcnəbilər, ancaq əsas təhsil proqramını mənimsədikdən sonra imtahandan keçməsini təsdiqləyən “kvalifikasiya sənədi”ni təqdim edərək, onları Rusiya sənədi ilə dəyişdirməlidir. Qanun layihəsi əcnəbilərə sürücülük məktəbinə getmədən imtahan verməyə imkan verir.