Vətən müharibəsində döyüşən əsgər Suqovuşanın azad olunması əməliyyatlarından danışdı - FOTO

15:00 10-02-2021 435

“Ermənistan ordusunun bir alayı Suqovuşanda yerləşirdi. Ordumuzun uğurlu əməliyyatı nəticəsində həmin alayın darmadağın edilməsindən sonra ilkin olaraq post, bəzi yaşayış məntəqələri və Suqovuşan işğalçılardan təmizləndi. Torpaqlarımızın azadlığı yolunda qarşımıza çıxan hər bir maneəni dəf etdik, ermənilərin qurduğu sədləri dağıdıb keçdik”.

Bunu “Azərbaycan Ordusu” qəzetinə müsahibəsində Vətən müharibəsi qəhrəmanlarından biri, əsgər Orxan Məmmədov deyib.

O bildirib ki, düşmənin əsas müdafiə xəttini yarmaqla, döyüşün gedişində mühüm bir üstünlük əldə edilib.

“Əslində, biz bu qələbəni xalqımızdan aldığımız gücün, dəstəyin sayəsində qazandıq. Biz hərbi qulluqçular döyüşlər zamanı ruhumuzla, bütün varlığımızla xalqımızla bir sırada nəfəs alırdıq. Ancaq bu qələbənin qazanılmasında Ali Baş Komandanımız İlham Əliyevin, zabitlərimizin, şəhidlərimizin, qazilərimizin, ümumiyyətlə, bütün şəxsi heyətin zəhməti ölçüyəgəlməzdir”.

Qeyd edək ki, O.Məmmədov “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.