Hidayət yolunun nuru ilə SÖZ haqqında düşüncələrim

14:46 12-05-2021 615

 

Rəhman və Rəhim olan Allahın adı ilə

 

Hidayət yolunun nuru ilə SÖZ haqqında düşüncələrim

 

İnsan  fitrətən, yaradılışdan danışan nəfsə uyğun yaradılmışdır. Nitq söyləyə biləcək  sözlərdən istifadə edərək ünsiyyət quracaq  nəfs iki  halda ola bilir.  Birinci hal odur ki, mübahisə etməyən sadə halda  olan nəfs, bu halda insan  bilmədiklərini öyrənməyə meyillidir. “Bilməmək eyib deyil, bilməyib öyrənməmək eyibdir”. Nəfsin ikinci halı  mürəkkəb hal sayılır. Bu hal insanın daxilində elə bir  arxayınlıq yaradır ki, insan bilmir  ki, bilmir.  Və bildiklərinin hamısını haqq blir.  O cür şəxs heç vaxt  tam həqiqətin dərkinin  axtarışında  olmayacaq. Həzrəti İsa (ə): “Mən Allahın izni ilə ən ağır  cüzəm xəstəliyini sağaldıram, ancaq mürəkkəb cəhlə düşmüş  “ axmaqları ”  sağaltmaqda  acizəm.”

Göründüyü kimi insan  mənəviyyatının  ən faciəli halı–həm özü üçün, həm də  cəmiyyət üçün şəxsin nəfsinin  mürəkkəb cəhlə düşməsidir. Bu gün biz dünyamızın  elə bir inkişaf mərhələsinə gəlib çatmışıq ki, bizim istəyimizdən asılı olmayaraq  iyirmi dörd saat  haqq və batil informasiya ilə dolu olan məlumatlar televizor, radio və internet vasitəsi ilə evimizə daxil ola bilir. Bizə vacibdir ki, həm özümüzü, həm də övladlarımızı  mürəkkəb cəhl xəstəliyinə düşməmək üçün qoruya bilək.  Fakt isə onu göstərir ki, biz bunun öhdəsindən gələ bilmirik. Valideyn övladdan...  cəmiyyətin insanları bir-birindən “ayrılırlar”. Bu fərqliliklər onların danışdıqları sözlərdən bəlli olur. Həzrəti imam Əli (ə): “Kişi dilinin altında  gizlənmişdir, danışsın onun necə  adam olduğunu söyləyim.” Bizim hər birimiz insan mənəviyyatında  bu xəstəliyin olduğuna inansaq  və onu düzgün diaqnozunu tapsaq, müalicəsi sorağında ola bilərik...

Hər bir kəsin qəlbinin aynası olan sözə münasibət  bildirmək istəyirəm. Bu səbəbdən Söz və sözün  mahiyyəti  haqda baxışlarımı yazmaq qərarına gəldim.

Allah verən paydı söz,

Haraydı,haydı söz.

Eşqimizi yaydı söz,

Saf insana taydı söz.

                         Tahir Hüseyn

   Dörd sətirdə yerləşən  tək-tək  fərqli fikirləri ümumilikdə  bir anlama  gətirib  bu yazıya münasibətimi bildirirəm:

“Allah verən paydı söz”. Bildiyimizə görə  hər şeydən əvvəl söz yarandı. Allah (c.c) bir dəfə  “Ol” sözünü işlətməklə külli kainat yarandı, bərqərar oldu. Sonra Allah (c.c) istəyi ilə  Adəm (ə)  və onun nəsli artaraq  bu günə kimi  gəlib çatdı. Bildiyimizə görə söz insanlar arasında ünsiyyət vasitəsidir.  Bəs nə üçün  elə olur ki, eyni dildə danışan insanlar sözlərdən istifadə etdikdə bir-birini anlamırlar?

Bu halda, yəni  anlaşılmayan  halda istifadə  olunan sözlər  ünsiyyət  yaratmadığından  söz öz mahiyyətini itirərək (o anda) adi səsə çevrilir. Bu məsələnin  mahiyyəti bu gün sirr olaraq qalmamalı hər kəsə aydınlaşdırılmalıdr. Allah-Təalanın  Adəm(ə)  öyrətdiyi  nə var idisə külli hamısı gələcəkdə onun  nəslinin  bir-birini tam anlamasına xidmət etməli idi . Bu səbəbdən  Adəm(ə) –a öyrədilənlərin topası bir  “SÖZDÜR”. Ən təmiz, ən saf olan bu “SÖZÜN” əsli Lövhi-Məhfuzda  saxlanılır. Bu gün insanlar o “SÖZDƏN”-əsl sözdən bu və ya digər  dərəcədə  uzaq düşdüyünə görə bir-birini anlamırlar. İnsan sosial varlıqdır. Allah (c.c) istəklərinin ən üstün mahiyyəti insanların  bir-birini tam anlamasıdır. Buradan analoji  olaraq çıxır ki, sözün mənəvi aləmdə  mərtəbələri var. Çünki, ilk öncə dünyaya gələn Adəm (ə) övladı əşyanın  adlarını öyrənməyə səy edir. Uşaq gün ərzində , bu nədir,o nədir? – deyərək  üç yüzə yaxın sual verir.  Deməli, uşağın ilk öyrəndiyi sözlər maddi aləmə aid olub beyin yaddaşına “köçürülür”.

Onu da qeyd edim ki, ruhda  maddi aləmin adlarının-ismlərinin anlamı olmasaydı və bir də ruhumuzda  həqiqətə çatmaq fəzilətləri olmasaydı biz heç bir əşyanın adını öyrənə bilməzdik. Bu arada istərdim bəşər  övladının yaradılışının  məqsədini və bu məqsədə, hədəfə çatmağın yolunu göstərən sonuncu səmavi  kitaba -“Qurani Kərimə” müraciət edəm:

-”və Allah Adəmə Onun (Allahın) bütün ismlərini  (bu ismlərdəki hikməti)  öyrətdi. Sonra onları mələklərə söyləyərək dedi ki, “sadiqlərdənsinizsə bunları isimləri ilə Mənə xəbər verin (söyləyin)” (“Quran” Bəqərə 31 )

-“Mələklər) “Sən paksan, müqəddəssən!  (Bütün eyib və  nöqsanlardan kənarsan!)”Sənin bizə öyrətdiklərindən  başqa  biz heç bir şey  bilmirik. (Hər şeyi) bilən Sən, hikmət  sahibi Sənsən”-dedilər.  (“Quran” Bəqərə 32)

Göründüyü kimi ilk bəşər övladı Adəm(ə)-a Allah (c.c)   bütün kainatın varlıq aləminin hikmətini və bizim üçün sirr olan hər nə var idisə öyrətdi. Öyrədilənlərin mahiyyətini  üç qismə bölmək olar:

  • Maddi aləmə aid olan əşyaların ismləri, adları və anlamı (Anlam dedikdə o başa düşülməlidir ki, hər hansı bir əşyanın, ismin adını eşitdikdə öz təsəvvüründə onu canlandıra bilsin ).
  • Allah (c.c) bütöv elmi və onun anlamı . (Qüdsi hədislərdə Allah (c.c) elminin 73 bənd  və ya  73 bölüm şəkildə olduğu bildirilir).
  • Allah (c.c) varlığının həqiqəti və anlamı (Onu  bəsirət gözü ilə görmək).  

Elə  bu da bizim, yer kürəsindəki hər kəsin fitrət yaradılışıdır. Bu öyrənilənlərin bütünlüyü  insanın danışığında, düşüncəsində, əməlində beyninə hakim olarsa o kəsin ağlı fitrət ağıl sayılır. Elmin ən yüksək mərtəbəsinə çatmış dahi alim  Albert Eynşteynin  belə bir  kəlamını qeyd etmək  istəyirəm.: “Dinsiz (Allahsız) elm axsaq  at kimidir”. Dünya boyda alim olsa belə  Allah (c.c)   varlığının həqiqəti anlamı (Onu bəsirət gözü ilə görmək) olmasa kamil, əsil  “SÖZ” sahibi ola bilməz. Deyilənlərə görə o şəxs  ömrünün  son illərini yalnız ibadətlə məşğul olmuşdur.

Aydın  olur  ki, təkcə maddi aləmin, elm aləminin deyil Allah-Təalanın Varlığının tamlığı ilə insan bütövləşərək, saflaşaraq öz yaradılış  fitrətinə qayıdır.

Yalnız qaynağı, mənbəyi Allah-Təalanın öyrətdiyi “SÖZ” olan hər kəsin bütün danışıqları sözlər Allah (c.c)   verən paydır. Bu gün də ilk bəşər övladı Adəm (ə)-a öyrədilənlər  bütün anlamlar yəni əsl “SÖZ”, saf “Söz”  Yer kürəsində dünyaya  gələn hər bir insana ruh vasitəsi ilə sanki hazır gəlir. Bu Allah (c.c)   verdiyi paydır. İki bəşər övladının  tam ruhlarına  uyğun ünsiyyəti zamanı danışdığı sözlər Allah (c.c)   verdiyi paydır.

“Allah verən paydır söz” həqiqi anlamına gələrək  aydınlaşır.

     Yalnız, maddi aləmin anlamının, elm aləminin anlamının deyil Allah (c.c)-ın   da  varlığının  anlamının  tamlığında  insanın danışdığı söz haqq sözdür. Danışdıqları isə Lövhü-Məhfuzda saxlanılan “SÖZƏ” uyğundur.O insan isə saf insan sayılır.

“Haraydı, haydı söz”.-fikrinə belə yanaşıram:

Yer kürəsində nə qədər insan varsa dünyaya gəlməmişdən  qabaq ana bətnində  dörd aylıq  olanda ruh vasitəsi ilə ona Adəm (ə)-a öyrədilən  nə varsa  sanki, Allah (c.c) -dan pay kimi verilir. Bəs insan dünyaya gələndən sonra  Allahdan verilən  SÖZ payından niyə qəflətdə qalır? Allah (c.c) yaratdığı  küllü kainatın dərki-sanki insanın içinə qoyduğu bir SÖZDÜR. Bunu izah etməyə çalışaq. Uşaq ana  bətnində olanda onun nəfsi  olmadığından bəşəriyyətin düşməni olan iblis və  onun  şeytan ordusu               uşağa deyil ananın nəfsinə vəsvəsə verir və  gələcək övlada təsir buraxr: Ana hamilə vaxtı iki  canlı olduğundan həm özü, həm də  gələcək övladı üçün  lazım olan mikroelementlərin miqdarını tənzimləyə bilmir. Bu vaxt o qidanı  harda olur olsun əldə etmək həvəsində olur (hətta xalq arasında o qadına deyirlər ki, filan qadın “yerikləyir”). O qidanın necə əldə edilməsi çox önəmlidir. Bir dəfə  çox hörmətli  bir əxlaq, mərifət  aliminin  az yaşlı oğlundan  onun özünə  şikayət edirlər. Gör uşaq nə edir? Polad  məftil götürür, ucunu  çox itiləyir, iynə kimi. Başlayır bulaqdan  su gətirən qız-gəlinlərin  su tuluqların deşib qaçmağa. Bu məsələni alimin qarşısını kəsib söyləyirlər. Alim evə gəlir arvadından soruşur:

-Bizim uşağımız belə naqis hərəkət edir. De,görüm sən hamilə dövründə buna oxşar  bir hərəkət  etməmisənmi?

Arvad bir az düşünəndən sonra belə söyləyir:

-Bir dəfə  hamilə dövründə ürəyimə nar düşmüşdü. Qonşunun narının bir budağı bizim həyətə keçmişdi. Narı qırmaq istədim ancaq, qırmadım.  Onu yumuşaldaraq  iynə ilə deşib, suyunu  stəkana  töküb içdim. Görünür o hərəkətim  uşağımıza bu cür xüsusiyyət buraxmışdır.

Dünyaya gələcək uşağın ana bətnində  dörd aylıqdan başlayaraq  gələcəkdə formalaşacaq mənəviyyatının, halının, xüsusiyyətinin qadının  hamilə dövrünü necə keçirməsindən asılılığın bildirən çoxlu misallar  çəkmək olar...

  Çox böyük kəramət sahibi olan  Rəcəbəli  Xəyyad ömrünü  dərziliklə başa vurmuşdur. Ancaq, çox böyük tanınmış  islam alimləri onun yanına  dərs almağa gəlmişlər. Bilirsiniz o dərs hansı dərsdir? O dərsin ümumisi  bir SÖZDÜR- Allah (c.c)   verən paydır. Bu SÖZÜ bilən Rəcəbəli Xəyyad kimi dərs deyə bilər.Bütün tanıyan, bilənlər  üçün  Rəcəbəlinin  bu cür saf olması çox maraqlı idi. Bir gün alimlər bunun sirrini öyrənmək üçün anasını danışdırdılar. Anası:

-Bir gün Rəcəbəli bətnimdə olanda  ürəyim kabab  istədi. Yoldaşım kababçı idi. Günorta vaxtı evə kabab  gətirib  stolun üstünə qoydu. Mən üç dəfə yaxınlaşdım ki,  yeyəm, qarnımdan sancı qopdu. O üzdən yeyə bilmədim. Yoldaşımdan soruşdum:

-Bu kababı hardan almısan? Mən o kababları yemədim, daha doğrusu yeyə  bilmədim.

Yoldaşım dedi:

-Müdir bilmədi, gizlin  gətirmişəm.

Sonra yoldaşım gedib öz halal pulu ilə mənə kabab aldı. Deməli, mən düşünürəm ki, Allah (c.c) qoymadı ki, mən hamilə dövrü  haram tikə yeyəm. Bir də onu deyə bilərəm ki, Rəcəbəli dünyaya  gələndə otuz ay ərzində hər dəfə süd verməzdən  qabaq  dəstamaz alardım. O şəxsin həyatın oxuyanda  çox maraqlı  anlarla qarşılaşırıq...

  Aydınlaşır ki, uşaq ana bətnində olanda  iblis və onun ordusu  çalışır ki, ana vasitəsi ilə  gələcək  uşağın  saflığın itirsin və bu yolla Allah verən SÖZDƏN  uzaq düşsün. Bu arada  çox maraqlı bir  hədisin izahı  ortaya çıxır. “Cənnət anaların ayağının altındadır”. Əlbəttə, bu Allah (c.c)  verdiyi qiymətdir.Cənnət mükafatı insana elə-belə verilmir. O anaya verilir ki, ana bətnində olan  uşağın dörd aylığından başlayaraq əsasən süd vermə dövrünün  sonuna kimi və sonralar da uşağın saflığının  itməməsi üçün fədakarlıq  etsin. Bu dövrdə qadının  hər bir  əməli, hətta düşüncəsi də önəmlidir. Bir şəxs həzrəti Əli (ə) dən soruşur:

-Yer üzündə  cənnətin nişanəsin mənə göstərsən sənin dininə gələrəm.

Həzrəti Əli (ə) fikirləşmədən dedi:

-Ana bətni.

Bildiyimizə görə uşaq dünyaya  gələndə  bədəninə düzgün  ölçü-biçidə nəfs daxil olur. Uşaq ilk yaranan şəhvət sonra qəzəb qüvvələri  hesabına inkişafa başlayır. İnsanın anatomik  bədəni elə yaradılıb ki, baş beyin vasitəsi ilə maddi aləmdən gələn siqnalları mərkəzə qaçan  neyronlar  vasitəsi ilə baş beyinə ötürülür... Uşaq acanda ağlayır, bir yeri ağrıyanda  ağlayır, onlara qarşı tədbir görüləndə  sakitləşir...

Sonra beyin inkişaf etdikcə  uşaqda hiylə-tədbir qüvvəsi hesabına  ağıl (uşağa uyğun) əmələ gəlir. Bu minvalla hamımıza məlum olan  proses gedərək uşaq böyüyür. Bəşər övladı üçün ən önəmli dövr ana bətnində  uşaq dörd  aylıq olanda ruhun daxil olduğu andan başlayaraq   uşaq  dünyaya gəldikdən  sonra  beynin  tam formalaşdığı ana kimi  olan dövrdür. Bu dövrdə qazanılan və itirilən nə varsa  insanın gələcəyi üçün  önəmlidir. Çünki, bu dövr ərzində ana bətnində dörd aylıqdan başlayıb beyin tam formalaşdığı dövrə kimi  uşaq  öz saflığını itirərək qazandığı ağıl onu fitrət  ağlından, yaradılış ağlından  çox uzaq  sala bilir. Bu aşağıdakı səbəbdən baş verir.

-Dünyaya gələn insanın özündən altı nəsl qabaq  nənə və babaların  fitrətdən, yaradılışdan hansı  dərəcədə uzaq düşməsi hesabına (Gen vasitəsi ilə ötürülən naqislik)

-Uşağın inkişafı  dövrü Adəm (ə) babamızın və onun  nəslinin  düşməni olan  şeytan nəslinin vəsvəsə və təlqini ilə yaxşını pis, pisi  yaxşı göstərərək insanı azdırması  hesabına (Allah (c.c)  öyrətdiyi  həqiqətləri unutdurmaq.).

 İblis dedi:

“Sənin izzətinə, qüdrətinə and olsun ki, onların (Adəm övladlarının) hamısını (haqq yoldan) azdıracağam”. ( “Quran” Sad 82)

-Dünyaya gələn uşağın öz nəfsi hesabına (nəfsin meyilliklərinə əsasən)  bu üç  faktordan  asılı olaraq  qızlar doqquz, oğlanlar isə on beş yaş dövründə özünə məxsus yaddaşa malik olan baş beyin  funksiyasının tam formalaşdığı andan etibarən  hər kəsin özünə məxsus daxili aləmi  formalaşaraq  o şəxsin  mənəviyyatını yaradır. Bu məqamda Adəm (ə) övladının  bildikləri Allah (c.c)  öyrətdiyi bilgidən  çox fərqli ola bilir.  Belə ki, nəfsin əmrində  olan ruh hər kəsin  dünyada  formalaşdırdığı beynin  təsiri altında  olduğundan ilk yaradılış ağlından, Allah (c.c)  öyrətdiyi  elmdən, Allah (c.c)   verən  SÖZLƏRDƏN fərqli düşünür və danışır. Hətta  bəzi “alimlər” yanlış  olaraq insan ruhunu  beynin məhsulu kimi izah etməyə çalışırlar. Halbuki, ruh hər birimizdə əmanət olub Allah (c.c)   Zatındandır. Bir şeyi ki, hər nə varsa Allah (c.c)  öyrədib ki, hər birimiz ona uyğun düşünək, davranaq söz deyək, ümumilikdə anlaşaq. Ondan uzaq düşməyimiz faciədir, hətta bədbəxtlikdir. Bu səbəbdən Rəhman, Rəhim olan  Yaradanımız Adəm(ə)-dən bəri yüz iyirmi dörd min  peyğəmbər  göndərərək  hər bir  bəşər övladının qəflətdən  oyanaraq, saflaşaraq fitrət  elminə və fitrət  ağıla  sahib olaraq ömrünü yaşamalarını hay, haray çəkərək çağırmış və təşviq etmişlər. Hətta Nuh (ə) insanları doqquz yüz ilə yaxın müddətdə sanki haray çəkərək hidayətə, saflaşmağa Allah (c.c)–a dəvət etmişdir. Sonuncu Peyğəmbər Məhəmməd (s.ə.s) ümmətinin hər bir üzvünün hidayət olmasını həddən ziyadə istəməsinə rəğmən Allah (c.c)  belə buyurur:

“Onların hidayəti  üçün  sən özünü həlakmı edəcəksən?“...

Əziz peyğəmbərimiz  Məhəmməd (s.ə.s)-in həyatından bəhs edən “Çağırış” filmində onun nə cür  həyati təhlükələrə  qatlaşaraq  insanları  hidayətə  saflaşmağa dəvətini görürük.

Yuxarıda göstərdiyim fikirlərdə istifadə olunan  söz bizim  bildiyimiz  anlamda  deyil, Allah (c.c)  bütünlüklə  öyrətdiklərinin  anlamı tək bir SÖZDÜR.

“Haraydı, haydı söz”ün mənası anlamı insanları Allah (c.c)  verən “SÖZ”lə danışaraq anlaması üçün  hidayətə dəvətdir, çağırışdır. Haray,hay çəkmək xüsusiyyəti yalnız Allah (c.c)-ın bütöv “SÖZÜNÜ” bilən  saf insanlara xasdır. Bunlar kimlərdir?

  • Peyğəmbərlər (nəbilər).
  • Elçilər (rəsullar).
  • İmamlar (vəlilər).
  • Ulul ərbablar (saflar, salehlər).

Bildiyimizə görə  Həzrəti  Məhəmməd (s.ə.s)  sonuncu peyğəmbər olduğundan artıq aramızda  bütöv “SÖZƏ”  peyğəmbər olaraq dəvətçi  yoxdur. Ancaq, hər dövrdə elçi, imam, ulul ərbablar , salehlər , ustadlar daim insanları hidayətə dəvət edərək, yalnız diləyənə insanlığın saflıq mərhələsinə çataraq Allah (c.c) verən SÖZ payına  sahib olmasına xidmət edirlər. Onlar Allah (c.c) tərəfindən  yalnız  diləyənlər üçün məmurdular. 

   “Eşqimizi yaydı söz”-Eşq sözünün  anlamını  onu yalnız olduğu kimi  yaşayan  dərk edər. Çünki bu izah olunsa da  tam anlaşılmaz. Allah (c.c)   Zatından olan hər birimizdə əmanət  olan ruhda sevgi adlı mənəvi fəzilət vardır. Sevgi elə bir mənəvi dəyərdir ki, insan nəfsi paklaşdıqdan sonra  ruh ilə Allah (c.c)  arasında yarana bilir. Yarandıqdan sonra  isə eşq yaranır.

Şair kimi çox dəyərli Allah (c.c)   dostu Məhəmməd Füzuli  sevgi sözünün anlamını bildirən belə bir kəlam söyləmişdir:

Canın kim cananı üçün sevər, cananın sevər,

Canı üçün kim ki, cananın sevər, canın sevər.

İki sətr şerdə sevmək sözü  dörd mənada  işlədilmişdir.

Burada birinci sətrdə anlam odur ki, insan elə bir  məqama  çatmışdır ki, nəfsi paklaşaraq ruh kimi  olmuşdur. O şəxsin nəfsi istəyi olmadığından ruhun, cismin, nəfsin və iradəsin Allah (c.c)-a  təslim edib yalnız Haqq Təalanın  razılığın  qazanmaq üçün özünə baxaraq yaşayır Allaha (c.c)  layiq olduğu üçün ibadət edərək  Onu sevir. Bu vaxt əsl sevginin təsirindən  eşq yaranır.

Şeirin ikinci sətrinin  anlamı odur ki, o şəxs Allah (c.c)  varlığına inanır. Cənnət, cəhənnəmin olduğuna inamı, etiqadı var. Cəhənnəmə düşmək qorxusundan dolayı cənnətə düşmək istəyindən Allah (c.c) -a ibadət edir, Onu sevdiyini  dilinə gətirir. Ancaq bu sevgi eşq yarada bilməz.Çünki, bu sevgi təmənnalıdır. Həzrəti imam Əli (ə): “Ya Rəbbim, mən cəhənnəm qorxusundan cənnət istəyindən Sənə ibadət  etmirəm. Sənə ibadətə layiq  olduğuna  görə ibadət edirəm.”

Aydındır ki, insanla Allah (c.c)  arasında ülvi  sevgi yarandıqda eşq yaranır. Eşq dinimizin ən uca məqamlarından biridir. Yaxşı olar ki, bu eşqi, ülvi eşqi  maddi aləmdə işlədilən sevgi və eşqdən fərqləndirmək üçün  maddi aləmdə işlədilən sevgi və eşqə başqa ad qoyulsun.  Çünki, maddi aləmdəki eşq insanla Allah Təala arasındakı  eşq ilə eyni mənəvi  dəyərlər  anlamına  gələ bilməz.

   Dahi Azərbaycan şairi  Nizami Gəncəvi müxtəlif  dövrlərdə dünyəvi şeirlər, sevgi və eşq barədə müxtəlif şeirlər yazmışdır. Ancaq, o şairin ən yüksək  ruhani məqamda, nəfsinin tam  paklaşmış  məqamında  yazmış olduğu bir  şeir  mənim  diqqətimi  cəlb etmişdir:

Eşqdir mehrabı uca göylərin,

Eşqsiz, ey dünya, nədir  dəyərin?

Mehrab maddi aləmə aid olan  sözdür. Məscidin içərisində elə bir yerdir ki, məscidə daxil olub namaz qılmaq istəyənə qibləni göstərir. Bu şeirdə birinci  sətrdə  şair Nizami Gəncəvi eşqi yaşayıb dərk etdiyi üçün onun mahiyyətini, anlamını açır. Aydın olur ki, kim əgər Allaha (c.c) doğru düzgün yol tutubsa  (maddi aləmdəki mehrab  anlamında) sonda mütləq  Allah-Təalaya aşiq olaraq, Ona  heyran olacaq. Deməli, aşiqlik insanın Allaha (c.c) doğru  yolunun sonudur.

Bu beytin ikinci misrasında  isə dünya ilə  müqayisədə o eşqə qiymət verir.

Doqquz sözdən ibarət olan iki sətir  şeir bir anlamı bildirir. XI-XII əsdrdə  yaşamış Nizami Gəncəvinin  daxili aləmində  həqiqi Allah (c.c)  eşqinin olduğunu bizə çatdıraraq  sanki, aramızda ünsiyyət, anlaşma yaradır.Bu beytin hər misrası, hər sözü ayrı-ayrılıqda  tək-tək eşqin anlamını vermir. Söz o vaxt söz olur ki, o başqa bir Allah  bəndəsinə anladılsın.

Deməli, XII əsrdə Nizami Gəncəvi  öz həqiqi eşqini  bildirən iki sətr şeir, bir “sözdür”-eşq anlamlını bildirən “söz”. Çünki, “Söz anlamaq deməkdir. Söz anlatmaq deməkdir”.(Tahir Hüseyn)

Bir fikiri də  vurğulamaq istəyirəm ki, eşq sözünü yəni  Nizami Gəncəvinin eşqini Lövhi-Məhfuzda  olan saf SÖZÜ  bilənlər  anlaya bilərlər.XI-XII əsrdə yaşamış dahi şair Nizami Gəncəvinin doqquz sözdən ibarət olan yazmış  olduğu şeri  ona  Allah (c.c) eşqinin  olduğunu o vaxt bizə çatdırar ki, bizlərdən  hər kəs Allah (c.c) verən pay olan SÖZƏ sahib olaq.

    “Saf insana taydı söz”-Bu fikrinizahına  gəldikdə saf insanın kim olduğunu bilməliyik. Nəfs paklaşaraq ruh kimi olduqda  insan qəlbinin  nəfsani qapıları  bağlanır, insanın beyinlə  yaddaşla  bağlı  danışıqları azalır və yox olur. Bu vaxt  insan beyni ruhunun təsiri altına keçir. Bu andan sonra danışdıqları  sözlər ruhdan qaynaqlandığı üçün Allah (c.c)  verən paydır, ilk yaradılışda  Adəm (ə)-a  öyrədilən sözlərdir, anlamlardır. Yer kürəsində yaşayan bütün insanların həqiqi  SÖZ, haqq  SÖZ danışması üçün  hər kəs  saflaşmalı,nəfsini islah etməli, hidayət tapmalıdır. Başqa cür yolu yoxdur. Yoxsa heç vaxt tam anlaşma olmayacaq.

  “Onlar (dünyada)  təmiz (pak) sözə (La İlahə İllallah) yaxud (“Quran”a) müvəffəq olmuş, həm də Allahın bəyəndiyi  yolla (islama) yönəldilmişlər.(“Quran” Həcc 24).

İlk yaradılışa  qayıdaraq  Allah verən “SÖZƏ” nail olmaq üçün   heç kəs deyə bilməz ki, Yaradanımız bizə heç nə verməmişdir.

  “(Həzrəti Musa)Bizim Rəbbimiz  hər şeyə yaradılışını lütf edən (ehsan edən) sonra da  hidayət edəndir. (“Quran” Taha 50).

Bu qədər sübutlar  göstərir ki, Yer kürəsində  bütün insanların tam bir-birini  anlaması saflaşması  insanın hidayəti, Allaha (c.c) bəndə olması hesabına  mümkündür.

Qeyd etmək istəyirəm ki, bu bir bənd şeir  Allah (c.c)  tərəfindən  Tahir Hüseynə yazdırılandır.Bunu bilməliyik.

Bizim danışdıqlarımız sözlərin  əksəriyyəti o,saf SÖZÜN içərisindədir... Bütövlükdə isə o SÖZ saf  insana  taydır. Yalnız saf insan o “SÖZÜN” batinini bilər və anlayar...

Vidadi Hidayət