Qəbələyə dəmir yolu xəttinin bölgəyə verəcək faydaları - ARAŞDIRMA

17:40 16-05-2021 433

Azərbaycanda sosial-iqtisadi rifahın təmin edilməsi və regionların iqtisadi inkişafı məsələləri ölkənin prioritet məqsədlərini təşkil edir. Əslində demək olar ki, ölkəmizdə bu iki məqsədə nail olmaq üçün görülən tədbirlər biri-biri ilə əlaqəlidir. 

Regionlarda yaşayan əhalinin də paytaxt səviyyəsində maliyyə mənbələrinə əlçatanlığının təmin edilməsi olduqca önəmlidir. Bunun üçün ilk növbədə regionlarımızda mövcud infrastrukturun bərpası və yeni infrastruktur layihələrin həyata keçirilməsi vacibdir. Bu layihələr iqtisadi imkanların artırılmasında stimul rolunu oynayır.

Regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində görülən layihələrin əksəriyyəti qeyd edilən məqsədləri təmin etməyə yönəlib. Həyata keçirilən infrastruktur layihələri insanların həyatını rahatlaşdırmaqla yanaşı, həm də onlar üçün yeni imkanları yaradır.

Hər bir regionun özünəməxsus üstün keyfiyyətləri var və onlardan təyinatı üzrə düzgün istifadə etmək üçün bu keyfiyyətlər mütləq şəkildə müəyyənləşdirilməlidir. Azərbaycanda regionların iqtisadi səmərəliliyinin düzgün qiymətləndirilməsi nəticəsində bu ərazilərin imkanlarına uyğun olaraq layihələr həyata keçirilir. Ölkəmizdə özünəməxsus imkanları olan regionlardan biri də Qəbələ rayonu ərazisini əhatə edir.

May ayının 15-də rayon üçün əhəmiyyətli hesab ediləcək açılışlar həyata keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva Qəbələ rayonuna səfərləri zamanı orada görülən işlərlə yaxından tanış oldular.

Onlar Qəbələdə Bum çayı üzərində yeni körpü və qəsəbəyə gedən avtomobil yolunun bərpadan sonrakı vəziyyəti ilə tanış oldular. Qeyd etmək lazımdır ki, bərpa işləri Qəbələ rayonunda 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini mərkəzdən və digər yaşayış məntəqələrindən ayıran vacib yol-nəqliyyat infrastrukturunun əhəmiyyətli hissəsini əhatə edir. Uzunluğu 310, eni 9 metr olan körpü sürücülərin və vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsində mühüm rol oynayacağı bildirilir.

Həmin gün İlham Əliyev və Mehriban Əliyeva rayonun Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsində də görülən işlər barədə məlumatdırılıblar. Onlar qəsəbədəki 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olublar. Məlumat verilib ki, 1857-ci ildə inşa edilən bu məktəbdə hazırda 135 şagird təhsil alır. Ümumiyyətlə, regionlarda həyata keçirilən layihələrin əhəmiyyətli hissəsi təhsil səviyyəsinin artırılmasına istiqamətləndirilib. Son 10 ildə Azərbaycanda 3 mindən çox məktəb binasının tikilməsi də buna əyani sübutdur.  

Mayın 15-də əhəmiyyətli hadisələrdən biri də Qəbələ Dəmir Yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı oldu. Bu ilk növbədə əhalinin rahat hərəkətini təmin etməklə bərabər regionun və ümumilikdə ölkənin iqtisadi potensialını artırır.

Hər şeydən əvvəl yol həm də iqtisadiyyatdır. Ölkənin istənilən nöqtəsində həyata keçirilən yol-nəqliyyat infrastrukturu layihələri iqtisadi cəhətdən müəyyən edilən məqsədlərin təmin olunmasında əhəmiyyətli hesab edilir.

Qəbələ Azərbaycanın ən əhəmiyyətli istirahət ocaqlarından biridir. Rayon üzrə aparılan bu tipli islahatlar həm daxili, həm də xarici turizmin inkişafını təşviq edir. Həyata keçirilən bu tipli infrastruktur layihələr daxili turizm potensialını genişləndirir.

Digər tərəfdən bu dəmir yolu xəttinin Bakıdan Qəbələyə olan səfərlərimizi daha sürətli edə biləcəyi ehtimal edilir. Bu isə həm rayonun yerli sakinləri, həm paytaxt sakinləri, həm də gələcək dövrdə ölkəmizə səfər edəcək turistlərin rayona səyahətini stimullaşdıracaq.

Əlavə edilib ki, Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə başlanılıb. Dəmir yolu xətti ox üzrə 42,3 kilometr, yan yollarla birlikdə isə 44,5 kilometrdir. Layihə üzrə 122 süni mühəndis qurğusunun, Ağdaş dəmir yolu dayanacağının, Qəbələ Dəmir Yolu Vağzalının və stansiyasının, Qəbələ dartı yarımstansiyasının tikintisi, həmçinin Hacıalı yarımstansiyasının təmiri işləri yerinə yetirilib.

Son 10 il ərzində Azərbaycanda regionların inkişafı, burada yaşayan əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində çoxşaxəli layihələr həyata keçirilib. Təkcə Qəbələ rayonu kimi iqtisadi potensialı yüksək ərazilərdə deyil, digər regionların da iqtisadi potensialına uyğun layihələrin həyata keçirilməsi müəyyən edilən məqsədlər sırasındadır. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bu layihələrin əhatə dairəsi genişləndirilməsi, proqramın bütün regionları əhatə etməsi onun səmərəsinin əyani göstəricisidir.

Nigar Məmmədova