Özbəkistan Azərbaycanın korrupsiya ilə mübarizə təcrübəsi ilə tanış olur - FOTO

13:20 20-05-2021 405

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Özbəkistan Respublikası Korrupsiyaya qarşı Mübarizə Agentliyinin direktoru Akmal Burxanovun rəhbərlik etdiyi nümayəndə heyətinin 19 may 2021-ci il tarixdə ölkəmizə işgüzar səfəri başlayıb.

Azərbaycan Respublikasının Baş Prokurorluğunda nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib. 

Görüşdə vurğulanıb ki, mövcud siyasi iradəyə əsasən ölkəmizdə rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə məsələləri başlıca prioritetlərdən biridir, Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası kimi mühüm təsisatlar tərəfindən qəbul edilmiş beynəlxalq sənədlərin ratifikasiya olunması təmin edilməklə, milli dövlətçilik ənənələrinə və müvafiq dünya standartlarının tələblərinə cavab verən  qanunvericilik bazası formalaşdırılmış, eləcə də bu sahədə qəbul edilmiş normativ-hüquqi akt və strateji fəaliyyət planlarının səmərəli tətbiqinə müvəffəq olunub.

Ölkəmizin 44 günlük haqq savaşı barədə söz açan Baş prokuror Kamran Əliyev xalqın birmənalı dəstəyinə arxalanan Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi qətiyyət və müzəffər ordumuzun şücaəti nəticəsində ərazi bütövlüyümüzün bərpa edildiyini diqqətə çatdırıb. Çıxışda müharibə günlərində düşmən tərəfinin beynəlxalq humanitar hüququn tələblərini kobud surətdə pozması, dinc əhaliyə və mülki obyektlərə ziyan vurmaqla çoxsaylı müharibə cinayətləri törətməsi təəssüflə vurğulanmış, həmin cinayətlərin istintaqı zamanı müəyyən edilmiş bir sıra faktlardan istinadlar gətirilib.

Özbəkistan Respublikası Korrupsiyaya qarşı Mübarizə Agentliyinin direktoru Akmal Burxanov Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində məhkəmə-hüquq sistemində və prokurorluq orqanlarında həyata keçirilən və müsbət nəticələr verən islahatları yüksək dəyərləndirmiş, ölkələrimiz arasında olan sıx münasibətlərin iki qurum arasında da davam etdiriləcəyinə, hazırki təcrübə mübadiləsinin tərəflərə yeni töhfələr verəcəyinə ümidvar olduğunu bildirib.

Özbəkistan Respublikası Korrupsiyaya qarşı Mübarizə Agentliyinin nümayəndə heyətinin səfəri davam etməklə digər dövlət orqanlarının fəaliyyəti ilə tanış olması da nəzərdə tutulub.