Bakıda türk iş adamının evini soyanlar ələ keçdi

10:54 20-09-2019 619

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində bir qrup oğru Nizami rayonu 24-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə HerGun.Az-a Nizami Rayon Polis İdarəsindən məlumat verilib.

Balakən rayon sakinləri əvvəllər Rusiyada məhkum olunmuş 1980-ci il təvəllüdlü Xəlilov Cavid Mürşüd oğlu, əvvəllər oğurluğa görə mühakimə olunmuş 1995-ci il təvəllüdlü Musayev Nail Cəmil oğlu və Göyçay rayon sakini 1989-cu il təvəllüdlü Qəhrəmanov Elgün Zahil oğlu tutulub.

Məlumata görə, onlar bu il iyulun 7-də törədilən Türkiyə vətəndaşı, iş adamı Sinan Mustafanın mənzilindən oğurluqda ittiham olunurlar.

Oğrular mənzilə pəncərədən girib və 2300 manat pul, qızıl-zinət əşyaları və mobil telefon aparıblar. Onlar oğurlanan qızılları lombarda qoyublar və əldə olunan gəliri öz aralarında bölüblər.

Hazırda saxlanılan şəxslərin digər əmlak cinayətlərində iştiraklarını müəyyənləşdirmək üçün yoxlama aparılır.

Ramella İbrahimxəlilova