Andrey Çuprıqin: Ermənistanın Yaxın Şərqə hansı təsiri var?

18:45 24-09-2019 514

Ermənistanda hökumətin İsraildə səfirlik açması ilə bağlı qərarı ətrafında müzakirələr səngimək bilmir. Maraqlıdır ki, səfirlik açması qərarından sonra Yerevan Livanla pilotsuz uçuş aparatları ilə mübarizə sahəsində əməkdaşlığa başlayıb.

Livan İsrail PUA-larından, Ermənistan isə Azərbaycandakı İsrail istehsalı pilotsuz uçuş aparatlarından çəkinir. Bundan başqa, oktyabrın 1-də İran Prezidenti Həsən Ruhaninin Ermənistana səfəri gözlənilir. Beləliklə, Yerevan təəccüblü şəkildə uyğunsuz siyasət yürüdür.

Hər halda, İsraildə erməni diplomatik missiyasının açılması ilə bağlı informasiyalar bu ilin əvvəlində peyda olub və o zamandan gərgin müzakirələr səbəb olub. Ermənistan-İsrail münasibətlərinin isinməsi və Ermənistanın bu ölkədə səfirlik açmaq qərarı İranın kəskin reaksiyasına səbəb ola bilər. Erməni analitiklər belə sual verir ki, siyasi və hərbi aspektlərdə Azərbaycanpərəst siyasət yürüdən İsraillə münasibətlərin dərinləşməsinin nə mənası var?

Ermənipərəst rus nəşri olan “EADaily” hələ bu ilin mayında qeyd edirdi ki, Tehranın Ermənistanın İsraillə yaxınlaşmasına reaksiyası özünü çox gözlətməyəcək. Yerevan Dövlət Universitetinin İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan “Sputnik Ermənistan”a müsahibəsində bildirib ki, “Ermənistanın İranla dostluğu çox vacibdir”. 

İsraillə yaxınlaşmağa çalışan Yerevan, görünür, İranın indiki zəifliyini və ABŞ-ın bu ölkəyə zərbə endirmək imkanlarını zərərə alıb. Buna görə də vaxtında geri dönmək qərarına gəlib. Bundan başqa, Ermənistan İsrailin “erməni soyqırımı”nı tanıyacağına ümid edir, ancaq bu baş verməyəcək.

Misal üçün, İsrailin Ermənistandakı yeni səfiri Eli Belotserkovski Yerevandakı qəbulda Təl-Əvivin rəsmi olaraq “erməni soyqırımı”nı tanıması ilə bağlı sualına cavab verərkən, “soyqırımı” ifadəsindən istifadə etməyib. 

Ali İqtisadiyyat Məktəbi Milli Araşdırmalar Universitetinin dünya iqtisadiyyatı və dünya siyasəti fakültəsinin şərqşünaslıq məktəbinin baş müəllimi, Rusiya Xarici İşlər Şurasının mütəxəssisi Andrey Çuprıqin Media.Az-a müsahibəsində bəyan edib ki, Ermənistanın İsraildə səfirlik açması qərarı ilə Nikol Paşinyan göstərmək istəyir ki, “Yerevan müstəqil və qürurludur”, başqasına baxmadan xarici siyasət aparır:

“Ancaq praktiki baxımdan Ermənistanın İsraildə səfirliyinin olması heç nəyi həll etmir. Buna görə də İran xüsusi narazılığını göstərməyəcək”.

“Bundan başqa, başa düşdüyüm qədərilə, İsrail ilə praktiki cəhətdən razılaşma yoxdur, diplomatik missiya üçün yer ayrılmayıb. Ona görə gözləmək lazımdır. Ola bilsin ki, bu, yaxın qonşuların reaksiyasını öyrənmə cəhdidir”, - Andrey Çuprıqin bildirib. 

- Yerevanın İsraildə səfirlik açması qərarı Nikol Paşinyanın ABŞ-a səfəri ilə bağlı ola bilərmi? ABŞ-da yəhudi lobbisi güclüdür, erməni baş nazir isə bununla müəyyən xal qazanmaq istəyir. 

- Bu ehtimalı rədd etmək və ya onunla tam razılaşmaq olmaz. Başa düşüləndir ki, Rusiya ilə ənənəvi əlaqələrə baxmayaraq, ABŞ tərəfinə baxır. ABŞ-dakı xristian yəhudi lobbisinə görə İsrail üçün Ermənistanın simasında yeni diplomatik tərəfdaş artıqlıq etməz. Ancaq təkrar edirəm, bu daha çox Paşinyanın müstəqilliyini və İrandan asılı olmamasını göstərmək cəhdidir.

- İsraildə səfirlik açmaq istəyini bəyan edən Yerevan PUA-larla mübarizə ilə bağlı Livanla müzakirələr apardı (görünür, söhbət İsrail istehsalı pilotsuz uçuş aparatlarından gedir)...

- Söhbət Yerevanın bugünkü ekspert potensialının aşağı səviyyəsindən gedir. Hiss edirəm ki, onlar nəyin baş verdiyini və maraqların kəskin ziddiyyəti zamanı özünü necə aparmalı olduğunu bilmir. Eyni zamanda, Livanda maliyyə və lobbi imkanları olan böyük erməni diasporunun olmasını da nəzərə almaq lazımdır.

Ancaq səfirlik məsələsinə qayıdım: tutalım ki, Ermənistan İsraildə səfirlik açdı. Ermənistan erməni xalqına hörmətlə Yaxın Şərqdəki geosiyasi vəziyyətin inkişafına hansı təsir göstərə bilər? Heç bir. Ancaq əlbəttə ki, İranın incikliyi qalsa da, bu, İranla Ermənistan münasibətlərinə çətin ki təsir etsin.