Məmmədyarov: Danışıqlar əbədi davam edə bilməz

17:54 10-10-2019 12

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr bölgənin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir və bu sahədə investisiya layihələri üçün yaxşı imkanlar var.

HerGun.Az-ın xəbərinə görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov MDB Xarici İşlər Nazirləri Şurasının məhdud tərkibli iclasında deyib.

O bildirib ki, bununla belə, MDB məkanında həll olunmamış münaqişələr regional sabitliyə ciddi təhlükə yaradır.

Nazir Dağlıq Qarabağ sülh yolu ilə həllinin vacibliyinə diqqət çəkib. Bildirib ki, Azərbaycan münaqişənin ən qısa zamanda siyasi həllinin tərəfdarıdır.

“Eyni zamanda, danışıqlar əbədi davam edə bilməz. Güc tətbiqi, işğal və etnik təmizlənmə nəticəsində yaranmış vəziyyəti davam etdirməyə və saxlamağa xidmət etməməlidir”, - deyə E.Məmmədyarov əlavə edib.

XİN başçısı söyləyib ki, beynəlxalq münaqişələr, etnik təmizləmə, suveren ərazilərin işğalı, beynəlxalq sülh və təhlükəsizliyə təhlükə yaradır.  

“Bu, terrorizm də daxil olmaqla, trans-sərhəd təhdidlərin səviyyəsini artıran əsas amillərdən biridir. Buna görə, həll olunmamış münaqişələrin nizamlanması məsələsi diqqət və bütün ölkələrin səylərinin birləşdirilməsini tələb edir. Bir təşkilat olaraq MDB-nin topladığı müsbət təcrübə, ümumiyyətlə, ortaq məkanımızın problemlərinin həlli üçün faydalı ola bilər”.

Aqşin Kərimov