Əli üstünə “Domestos” tökmək istədiyi Əlinin məclisində

15:20 06-11-2019 380

Kubra Məhərrəmova yazır...

Deyir, qulaq hər gün bir söz eşitməsə, kar olar. Vallah, bizə nə kar, nə də kor olmaq qismət olacaq. Çünki çox istedadlı “standapçılarımız” var. Kimdir onlar? 

Absurd yumorun nümayəndələri. 

AXCP lideri Əli Kərimli və keçmiş Səhiyyə naziri Əli İnsanov. Bu dəfə ikisi birləşib yenə şou çıxardılar. Açığı, çox gözlənilməz şou oldu. Dünənə kimi bir-biri üçün ölüm hökmü tələb edənlər, bir-birini təhqir edənlər o gün sarı masa ətrafında birləşdilər. Yəqin, bilirsiniz də, sarı nifrət rəngidir. Ağsaqqal kimi də məclisə Əli İnsanou dəvət etdilər. 

Qeyd edim ki, toplantıda “Müsavat” başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli, “Müsavat” Partiyasının sabiq başqanı İsa Qəmbər, sabiq Səhiyyə naziri Əli İnsanov, “Turan” Agentliyinin rəhbəri Mehman Əliyev, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn iştirak edib.

Məclisin şirin yerində sözü veriblər korrupsiyaya görə həbs olunmuş Əli İnsanova. Əli İnsanov da deyib: “Söz və ifadə azadlığı önəmlidir, biz ölkədə hökm sürən ədalətsizliyi ədalətlə aradan qaldıracağıq. Axıra qədər mübarizəmizi davam edəcəyik”.  

Açar söz “BİZ”!

Əli İnsanov bir vaxtlar elə bu “müxalifətçilərə” mikrob deyirdi. Deyirdi ki, “Domestos”u tökün bunların üstünə, sonra “baçokun” suyunu axıdın. İndi isə mikrob dedikləri ilə bir masaya oturur. “Biz” deyə xitab edir.

İsa Qəmbər üçün ölüm hökmünün bərpa olmasını tələb edən Əli İnsanov bu gün onunla öpüşüb görüşür. “Doxtur” ehtiyatlı olsun, birdən mikrob düşər ona. 

Dünənə kimi tələbələrin qiymətini kəsən, korrupsiya elminin ən incə məqamlarına yiyələnən sabiq nazir kələfin ucunu, deyəsən, yamanca itirib. Yəqin, nəsə təzə xəstəlikdir, tibb elminə də məlum deyil. Dünən etdiklərini unudub, bu gün isə mübarizə aparır. Görəsən, mübarizəni kimlə və nə ilə aparır. Deyəsən, özü də bilmir. Ya da köhnə dəri kreslosu yadına düşüb, xiffət çəkir. 

Yoxdur bu rüsvaylığın dərdinə dərman, ey təbib!
Eyləmə rüsvay özün, həm qəlbini qan, ey təbib!

Vallah, bunu da Füzuli deyib, mən yox. 

İkinci “standap”çı 

Əli Kərimli də vaxtaşırı hansısa “hərəkatdan” danışır. Nə hərəkatdırsa, yaman çətinə düşüb “hərəkat”. Əli Kərimli deyib ki, “dəyərləri, prinsipləri eyni olanlar birləşməlidir”.  Köməyə də korrupsiyaya görə həbs olunan Əli İnsanovu çağırıb.  Qeyri-rəsmi lider kimi.  

Axırıncı badəni də qaldırıblar “geniş heyətin sağlığına”.