Sevda Ələkbərzadədən yeni klip: “İstəmirəm” - VİDEO

15:40 06-11-2019 479

Əməkdar artist Sevda Ələkbərzadə yeni layihəsini təqdim edib.

HerGun.Az xəbər verir ki, bu yay Bakıda keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində dünya şöhrətli bəstəkar və müğənni Sami Yusufla möhtəşəm duetdən sonra Əməkdar artist Sevda Ələkbərzadə İsmayıl Əsədovun və Orxan Qarabasmanın sözlərinə bəstələmiş “İstəmirəm” adlı mahnını ekranlaşdırıb. 

Sevda klipin rejissorluğunu Zaza Oraşviliyə həvalə edib. Klip Gürcüstanın paytaxtı Tbilisidə lentə alınıb.

“Mən eksperiment etməyi sevdiyimdən özümü yeni bir tərzdə sınamaq istədim. Məncə, çox maraqlı alındı”, - deyə müğənni repertuarındakı yeni mahnıdan bəhs edib.

Sevda çəkiliş məkanında qarşılaşdığı çətinlikləri belə şərh edib:

“Çəkiliş inanılmaz hava şəraitində baş verdi, bir gündə yağış yağdı, sonra günəş çıxdı, birdən səma qara buludlarla örtüldü, güclü yağış yağdı və sonra buludlar yox oldu və yay gəldi. Bir çəkiliş günündə dörd mövsüm yaşadıq. Amma hava şəraitinə və yağışda islanmağımıza baxmayaraq, heç kim xəstələnmədi, çünki hamı o qədər həvəslə işləyirdi ki, havanın sürprizləri bizə mane ola bilmədi. Nəticədə, çox maraqlı bir klip alındı”.

Qeyd edək ki, Əməkdar artist Sevda Ələkpərzadə yeni işini rəsmi “Youtube” kanalında yayımlayıb. 

Rəşad Əliyev