30 il əvvəl xalqımız imperiyaya müharibə elan etdi

12:00 20-01-2020 327

Kubra Məhərrəmova yazır...

30 il əvvəl!  30 qış, 30 bahar əvvəl.

Otuzca 20 Yanvar əvvəl. 

Xəzərin buxtasından SOS siqnalı verən tankerlər, qırmızı qərənfillər, insan izdihamı, yandırılan “partbiletlər”, ağlaşma-ağı səsləri, paramparça olmuş meyitlər, gülləbaran olmuş təcili tibbi yardım maşını, Larisa və İlqar. Tankların altında qalan insanlar, avtomobillər. Partladılan Azərbaycan televiziyasının enerji bloku, bütün verilişlərin dayanması. Məlumatsızlıq. İnsanlar məlumatı küçədən, bir-birindən alırdı. 

Küçədəki qərənfillər isə o demək idi ki, həmin o yerdə insan öldürülüb. Qərənfil buna işarə idi. Eyvanlardan qara parçalar asılmışdı, matəm rəmzi kimi. Hə, bütün bunlar mənim uşaqlıq xatirələrimdir. Elə bil dəhşətli filmin anonsudur. Amma yox, yaşadıqlarımızdır. Birinci sinifə gedən məktəblinin xatirəsidir.

İndikilər deyir ki, bəs uşaqların psixologiyası ilə ehtiyatlı davranmaq lazımdır. Razıyam, özü də ikiəlli. 

Bizim psixikamız nə yaşadısa, bilmirəm. Biz müharibə övladlayırıq. Şəhərin mərkəzində tankların şütüməsini, “soldatların” əllərində avtomat görən uşaqlarıq. Atalarımızı səhərə kimi gözləyən anaların uşaqlarıyıq.  

Atam bizi aparmışdı onda Şəhidlər xiyabanına, ilk dəfə o zaman təzə qazılmış məzar gördüm.

İndi də yaş torpağın qoxusu burnumdadır. Başında “norka” papaq olan dayı məzarın içini düzəldirdi. Hər yer də qırmızı qərənfil idi. Maşın-maşın tökmüşdülər xiyabana. İndi başa düşürəm ki, o vaxt xalqımız ölüsünə-dirisinə yiyə durdu. Özü dəfn elədi, özü məzar qazdı şəhidinə, özü birləşdi. Özü ayağa qalxıb sovet rejiminə yox dedi. Qorxmadan, qurban verərək, şəhid verərək, azadlığa addım atdı. 

Sovet ordusu qolunun gücünü göstərsə belə, xalq ona təslim olmadı. O vaxt Bakı qarnizonunda sovetin çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri, eləcə də, 4-cü ordunun komandanlığı, 11 mindən çox əsgəri var idi. 

Bunu da xalq bilirdi. Amma yenə də qorxmadı, top-tüfəngin qarşısına əliyalın çıxdı. Və qalib gəldi. Ruhunu, azadlığını, müstəqilliyini hər şeydən üstün tutan xalq 20 Yanvar 1990-cı ildə böyük imperiyaya qalib gəldi! 

İlk etiraz səsini ucaldan! 

O zaman ilk etiraz səsini ucaldan isə məhz Heydər Əliyev oldu. Moskvada Azərbaycanın Daimi nümayəndəliyinə gələrək, nəzarətdə olmasına baxmayaraq, açıq surətdə cinayətkarların adını söylədi. Siyasi iradəsini ortaya qoydu.

İndi də həmin videoyazıya baxanda Heydər Əliyevin simasındakı əsəbi, mübarizliyi görürük. Tək olduğu halda heç nədən qorxmayaraq, sözünü deyən Heydər Əliyevi. Bu, sosial şəbəkədə status yazmaq deyil. Biləsiniz. Bunun üçün böyük iradə və cürət olmalıdır. 

20 Yanvarda Bakı buxtasında 120 gəmi həyəcan siqnalı verdi!

Bəli, o vaxt adı indi də bilinməyən qəhrəman radist, “Vixr-12” gəmisinin radisti, milliyyətcə rus olan bakılı gənc SOS mətnini efirə verməyə razı oldu.

Hər saatdan bir üç dəfə SOS verildi. Saat 24:00-da radioqramı bütün dünya aldı. Bütün dünya xəbər tutdu ki, Bakıda dinc əhaliyə sovet ordusu divan tutur. Səhərə yaxın isə dünyanın 50-dən artıq ölkəsinin Sakit və Atlantik okeanlarında üzən gəmiləri Bakıda baş verənlərdən xəbərdar oldular. 

Xəzər dənizçiliyi qırğınların dayanmasını hökumətdən tələb etdi. Əks halda gəmilərin, neft tankerlərinin, neft obyeklərinin yandırılacağını bəyan etdi. Bundan böyük qəhrəmanlıq varsa, deyin! Dənizin ortasında, imperiyaya müharibə elan edən XALQ! 

Bu soyadları unutmaq olmaz! 

SSRİ-nin ilk prezidenti Qorbaçov, SSRİ Müdafiə naziri marşal Yazov, SSRİ Daxili İşlər naziri Bakatin və başqaları. Onlar Azərbaycan xalqının məhv olması üçün əllərindən gələni edənlərdir.

Ümumiyyətlə, çalışmaq lazımdır ki, heç nəyi unutmayaq. Və tək ildə bir dəfə 20 Yanvar günü deyil, baş verənləri heç olmasa ildə 5-6 dəfə xatırlamaq bizə xeyir verər. İnternet resurslar vasitəsilə ən müxtəlif dillərdə öz həqiqətimizi dünyaya çatdırsaq, lap yaxşı olar.

Bunun üçün də hər beş nəfərdən biri öz sosial səhifəsində bu barədə yazsa, bəs edər. 

30 il əvvəl, yanvarın 19-dan 20-nə keçən gecə və sonrakı bir neçə gündə Bakıda və Azərbaycanın digər bölgələrində 147 nəfər qəddarcasına öldürüldü, 744 nəfər yaralandı, 800-dən çox insan qanunsuz həbs olundu. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin. O vaxt biz birinci dəfə şəhid sözünü eşitdik. 30 il əvvəl, bu gün.