Azərbaycanlı biznesmenlər “Rusiyada daşınmaz əmlak kralları”nın reytinqində liderdir

17:00 23-01-2020 359

“Forbes” “Rusiyada daşınmaz əmlak kralları”nın reytinqini açıqlayıb.

TASS xəbər verir ki, siyahıda ilk onluqda üç azərbaycanlı iş adamının adı var.

Reytinqin lideri uzun illərdir dəyişməzdir - birinci yeri Qod Nisanov və Zaxar İliyevin (əslən azərbaycanlıdırlar) şirkətləri olan “Kiyevskaya Ploşad” qrupu tutur. Bu, Rusiyadakı ən böyük kommersiya daşınmaz əmlak sahiblərindən biridir və “Evropeyskiy” ticarət əyləncə mərkəzi, “Food City” aqroklaster, “Depo Lesnaya” qastronomiya məhəlləsi və “Naqatinskaya” nəqliyyat mərkəzi kimi layihələri əhatə edir, “Olimpiyskiy” idman-əyləncə kompleksini yenidən qurulmasında iştirak edir. “Forbes” yazır ki, şirkətin icarə gəliri 2019-cu ildə 1,6 milyard dollar olub.

“Crocus Group” şirkətinin rəhbəri, azərbaycanlı iş adamı Araz Ağalarovun adı isə siyahıda altıncı yerdədir. Araz Ağalarovun şirkəti Rusiyada tikinti, rieltor və digər biznes sahələrində fəaliyyət göstərir. Habelə “Crocus Group” büdcədən maliyyələşdirilən iri layihələrdə podratçı qismində çıxış edir. Şirkətin icarə gəliri 2019-cu ildə 370 milyon dollar olub.

Qeyd edək ki, “Rusiya daşınmaz əmlak kralları”nın 16-cı sıralamasında əmlakları ən yüksək icarə gəlirləri əldə etməyə imkan verən 30 şirkət daxil edilib. Siyahıda RF-da kommersiya daşınmaz əmlakına sahib olan Rusiyanın və xarici ölkələrin şirkətləri daxil edilib.