Aşağı yeri var?

15:18 11-07-2019 528

Ramin Musayev yazır...

Endirimlə almaq artıq ənənəyə, yaxud oyuna çevrilib. Hətta nəyisə ucuz qiymətə satmaq istəsən, yenə də alver edib endirimlə almağa cəhd edirlər.

Eyni vəziyyət tikintidə, xidmətlərdə, hətta maaşlarda da olur. HR soruşur ki, nə qədər maaş istəyirsiniz? Cavab verəndən sonra başlayır “qiyməti öldürməyə”.

Uzun illər öncə bahalı brend İtaliya markası geyim mağazası ilə reklam üzrə əməkdaşlıq edirdim. Təbii olaraq, geyimlərin qiymətləri yüksək, müştərilər isə imkanlı adamlar idi. Onlar seçim edəndən sonra endirimi danışmağa başlayırdılar. Deyək ki, biri 30 min manata kostyum seçirdi, sonra endirimə görə bir saat mübahisə aparırdı. Sonra da deyirdi ki, köməkçim gətirəcək. Köməkçi də ödənişi 10 gün uzadırdı.

Belə söhbətlər düşəndə çox adam deyir ki, varlılar xəsis olduğuna görə varlıdırlar. Bununla razı deyiləm. Dondurma alarkən 50 qəpiyin alverini edən adam axşam lüks restoranda çox yüksək hesab verə bilər.

Bir dəfə çox bahalı limuzində gələn xanım mağazada ən ucuz noutbuku seçəndən sonra 50 manat endirimin söhbətini elə göz yaşları ilə etdi ki, az qaldım, çıxarım, onun yerinə ödəyim ki, bu qədər ağlamasın. Elə bu müddətdə beş litrlik limuzinin onu gözləməsi ondan baha başa gəlir. Yay ayları idi, sürücü maşını sərin saxlamaq üçün kondisioneri qoşub maşının mühərrikini işlək şəkildə saxlamışdı. Hələ bunun şəhərimizin ekologiyasına vurduğu zərərdən danışmıram.

Bu səbəbə görə hamı yüksək qiymət verib, sonra normala endirir, alıcı da sevinir ki, aşağı qiymətə aldım. Tikinti və təmir işlərində isə qiyməti düşürəndən sonra ucuz materiallar alıb istifadə edirlər.

Yəni mənfəət səviyyəsi dəyişmir, işin keyfiyyəti dəyişir. Buna başqa tərəfdən baxaq.

Hər bir işçinin maaşının, fərdi sahibkarın xidmət haqqının, mağaza sahibinin gəlirinin aşağı düşməsi ümumilikdə iqtisadiyyata mənfi təsir edir. Yəni həmin şəxslər aldığı pulları da öz növbəsində daha az xərcləyəcək, ona göstərilən xidmətlərin və malların pulunu azaldacaq. Bu da ümumilikdə iqtisadiyyatın kiçilməsinə gətirib çıxarır. Beləliklə, hamının gəliri düşür, dövriyyəsi azalır. Demək ki, daş yenə də bumeranq kimi fırlanıb hamının başına dəyir. Elə məhz böhranlar hansısa nəhəng şirkətin pul ödəmələrinin gecikməsi və ya ödəməməsindən yaranır.

Bu məsələni hüquqi şəxslərin səviyyəsinə yüksəltsək, buna bənzər problem alınır. Sirr deyil ki, hər bir şirkətin, mağazanın, restoran, turizm şirkəti və sairə müəssisələrin aylıq stabil xərcləri var. Bu xərclər malın və xidmətin maya dəyərinə oturur. Əgər dövriyyə və satış aşağı olarsa, deməli, malın/xidmətin maya dəyəri yüksəlir. Bu da öz növbəsində malın/xidmətin satış dəyərinə, həmçinin, satışa təsir edir. Qiyməti endirəndə isə zərərlə işləməyə başlayır, sonunda da müflis olub bağlanır.

Nəzər yetirsəniz, şəhərdə hər zaman icarəçilərin ildə bir dəfə dəyişdiyini görərik. Bu da yuxarıda göstərdiyim problemdən irəli gəlir. Yeni açılanda dempinq edir (bazarda olan qiymətlərin aşağı endirməsi), zərərlə çalışır ki, müştəri toplasın, bir ildən sonra baxır ki, zərərdədir, qiyməti qaldırır, onda da müştəri qaçır. Həm də başqa yeni rəqib çıxıb, qiyməti aşağı salır. Bunlardan udan müştəri olur, sahibkar deyil. Həmin sahibkar əlini başına döyə-döyə qalır. Amma sonrakı peşmançılıq fayda verməz.

İqtisadiyyat bir mexanizmdir. Bir çarx yavaş işləyəndə, bütün mexanizm yavaşlayır. Sınanda isə heç işləmir. Odur ki, bu endirim məsələsini yığışdırın, hamı yetərli pul qazansın.