Yeni imkanlar ölkəmizi Tacikistan üçün cazibədar edir - ŞƏRH

12:50 11-08-2018 6
loading...

Tacikistan prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafına ciddi təkan verəcək çoxsaylı sənədlərin imzalanması ilə yadda qaldı.

Bu sənədlər təhsil, mədəniyyət, humanitar sahədən başlamış iqtisadiyyat və sənaye sahələrinə qədər geniş bir spektri nəzərdə tutur. Əldə olunan razlıaşmalar hər iki tərəfə iqtisadi və siyasi dividendlər vəd edir.

Bunu HerGun.Az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, siyasi sahədə Tacikistan və Azərbaycan daima bir-birinə dəstək verib və bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq qarşılıqlı şəkildə maraqlarını müdafiə edib.

İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi kimi regional təşkilatlarda da daima qarşılıqlı maraqlar nəzərə alınıb.

Millət vəkilinin sözlərinə görə, iqtisadi sahədə isə Tacikistan Azərbaycanın neft məhsullarına, eyni zamanda, metallurgiya sahəsinə ciddi maraq göstərir, çünki bu ölkənin enerji və karbohidrogen ehtiyatları yox dərəcəsindədir.

Deputat bildirib ki, bununla yanaşı, coğrafi nöqteyi-nəzərdən, nəqliyyat kommunikasiya baxımından da bu ölkənin yeri bir o qədər əlverişli deyil:

“Ona görə də Azərbaycanın adıçəkilən sahələrdə yaratdığı yeni imkanlar ölkəmizi Tacikistan üçün cazibədar edir. İstər İpək yolu nəqliyyat dəhlizi, istərsə də Azərbaycanın neft- kimya sənayesi bu ölkənin iqtisadiyyatının inkişafına mühüm perspektivlər vəd edə bilər.

Odur ki, imzalanan sənədlər arasında bu məsələlər də öz əksini tapmış oldu. Bu, həm də Azərbaycanın iqtisadi maraqlarının təmin olunması deməkdir. Səfərin ən mühüm hadisələrindən biri isə prezidentlər tərəfindən imzalanan birgə bəyannamə oldu.

Bu, ölkəmiz üçün çox mühüm idi, çünki bəyannamədə Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü sərhəd toxunulmazlığı çərçivəsində, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında öz həllini tapması Tacikistan tərəfindən dəstəklənir ki, bu da həm beynəlxalq hüquq, həm də ədalətin təmin olunması baxımından son dərəcə əhəmiyyətlidir.

Bütün bunları nəzərə alsaq, Tacikistan prezidentinin Azərbaycana səfərini hər iki ölkənin milli maraqlarının təmin olunması baxımında qarşılıqlı faydalı səfər hesab edə bilərik”.

Kamil HƏMZƏOĞLU