Azərbaycanlı müğənni: Xəyanət edər deyə, həyatımda qadın yoxdur - MÜSAHİBƏ + FOTO/VİDEO

09:40 13-08-2018 2
loading...

Sakit təbiətli biriyəm, təbii ki, yeri gələndə çılğınam, əylənməyi sevirəm. Amma ifalarım və tərzim sakit musiqilərdir, bu da təbiətimdən irəli gəlir.

Bu sözləri HerGun.Az-a müsahibəsində sosial şəbəkələr vasitəsilə məşhurlaşan müğənni Nuray Məhərov deyib.

– Son zamanlar sənətə yeni başlayan ifaçılar sakit qalmağı sevir. İstəyirlər ki, sənətdə sözünü demiş ifaçılar onları təkləsin və onlar cavab verməməklə xalqın gözündə ucalsınlar. Siz də bu strategiyadan istifadə edirsiniz?

– Elə ifaçılar var ki, sənəti yoxdur, ancaq xalqın sevdiyi ifaçıların üstündən reytinq qazanmaq istəyirlər. Mən o tipli müğənnilərdən deyiləm. Sənətimdə və yaradıcılığımda bu günədək heç bir qalmaqalda adım hallanmayıb. Belə yolla ucalmaq fikrim yoxdur.

– Böyük səhnəyə 2015-ci ildən gəlmisiniz...

– Əslində, 2013-cü ildən müğənniliyə başlamışam. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi olmuşam. Tanınmaya da bilərdim, bu gün də çox adam məni tanımır.

– Tanınmağınızda əsas rolu nə və ya kim oynayıb?

– Yeni müğənniliyə başlayanda sosial şəbəkələr populyarlaşırdı. “Instagram”da yetərincə baxış sayı və kütləm var idi deyə, telekanallar verilişlərə dəvət etməyə başladı. Beləliklə, daha çox tanındıq.

– Sizin yaşınızda olan həmkarlarınız var ki, sizin ifa tərzinizi qınayırlar. Bilmirəm, bu paxıllıqdan irəli gəlir, yaxud necə. Amma onlar bildirir ki, sizin mahnılarınız “ağlaşma tərzi”ndədir.

– Maraqlıdır ki, onlar mənim mahnılarımda hansı səviyyəsizliyi görüblər? “Ağlaşma tərzi”ndə oxumuram, öz janrım var. Bu yaxınlarda Halil Sezai ilə eyni səhnəni bölüşdüm. O, məndən də çox “ağlaşma tərzi”ndə oxuyan müğənnidir.

Niyə Halil gələndə onu alqışlayırlar, bizim müğənnimiz lirik mahnı ifa edəndə onu “ağlaşma tərzi” adlandırırlar? Bunları qavraya bilmirəm.

– Yeni ifaçılarda çatışmayan nüanslar hansılardır?

– İrad tutmağı bacarmırlar, tənqidlə təhqiri ayırd edə bilmirlər. Təbii ki, çoxuna şamil etmirəm. Ancaq paxıllıq, gözü götürməmək kimi nüanslar var. Kimisə bəyənməyə bilərəm, ancaq onu tənqid, yaxud təhqir etmirəm.

– Kimləri bəyənmirsiniz?

– Ad çəkmirəm. Sadəcə, oxuya bilməyənlər var ki, qalmaqalla gündəmdədirlər. Bunlar 2-3 aylıqdır, sonra yaddan çıxıb gedəcəklər.

– Şou-biznesdə sizi nə qane etmir?

– Məni qane etməyən həm şoudur, həm də biznes. 

– Bəlkə, özünüz yaxşı gəlir əldə edə bilmirsiniz, ona görədir?

– Yox, deməzdim. Şoumuzda yetəri qədər professionallar yoxdur, biznesimizdə də onun kimi... 

Bu gün hər bir müğənni biznesini toy üzərində qurur. Niyə bizdə müğənnilər klip, konsert və albom satışından pul qazana bilmir? Bunlar yetəri qədər inkişaf etməyib.

– Bunun günahı tamaşaçıdadır, yoxsa müğənnidə?

– Müğənnidə deyil. O layihələri maliyyələşdirən şirkətlər olmalıdır. Onlar da yoxdur. Hansısa şirkət müğənniyə sərmayə qoyub, onun üstündən pul qazanmalıdır.

– Sizə şirkət olmasa da, hansısa bir şəxs sponsorluq edib?

– Nə etmişəmsə, öz gücümə etmişəm. Təbii ki, dostlarımın da dəstəyi olub.

– Sizi digərlərindən nə fərqləndirir?

– Səsim, ifa tərzim.

– Kimə qibtə edib, onun kimi uğur qazanmaq istəyirsiniz?

– Kiçik yaşlarımdan türkiyəli müğənniləri dinləyərək onlardan bəhrələnmişəm. Sadəcə, onları təkrarlamamışam, özümünküləşdirərək insanlara çatdırmağa çalışmışam. 

– Hədəflərinizə çatmaq üçün nələrdən keçərsiniz?

– İnsani keyfiyyətlərimdən başqa hər şeydən keçərəm.

– Sizi şou-biznesdən nə iyrəndirir?

– Qalmaqallar – kamera önündə şou olsun deyə bir-birinə atmacalı sözlər deyirlər, dalaşırlar, kamera arxasında qucaqlaşırlar.

– “Instagram”da səsinizə və özünüzə heyran olan yüzlərlə fanatınız var. İndiyədək qız izləyicilərinizdən aldığınız ən maraqlı təklif hansı olub?

– Bu yaxınlarda qız fanatlarımdan biri mənə evlənmə təklif etmişdi.

– Bəs əxlaqsız təkliflər necə?

– Elə bir təklif gəlməyib. İzləyicilərim sağ olsunlar ki, mənə belə şeylər yazmırlar. Bugünədək heç bir paylaşımıma təhqir yazmayıblar, irad bildiriblər, ancaq təhqir yox.

– Çox utancaqsınız. Mən seksdən danışıram, siz yenə söhbəti sənətə bağladınız...

– Nə deyim? Deyim, mənə “Instagram”da “18+” mesajlar yazırlar. Danışsam, gərək susmayam. Ona görə də susmağa üstünlük verirəm (gülür). 

– Sənətə yeni gələndə artıq çəkiniz var idi, son zamanlar isə xeyli çəki atmısınız. Arıqlamağınız həyatınızda hansı dəyişikliklərə yol açdı?

– Artıq çəki məni çox narahat edirdi. Səhər oyananda ilk işim idman etməkdir, bir ilə 30 kiloqram çəki atmışam. Bu gün xarici görünüşümdən razıyam. Geyimlərim, saç düzümümə diqqət edirəm. Müğənni tək səsi ilə deyil, geyimi, duruşu və görünüşü ilə insanları cəlb etməlidir.

– Türkiyədə son üç il ərzində kişi ifaçılardan Edis ön plana çıxıb. Mahnıları ilə yanaşı, onu digərlərindən fərqləndirən səhnədəki rəqsləridir. Ancaq bizdə belə ifaçı, demək olar ki, yoxdur...

– Əslində, beş il rəqslə məşğul olmuşam. Sonuncu klipimdə az da olsa, rəqsə yer vermişik. Yeni layihələrimdə mütləq rəqs edəcəyəm.

– Belə çıxır ki, başqalarından fərqli olaraq, kompleks etmirsiniz?

– Səhnədə daha çox gitarla olduğuma görə, bunu hiss etməmisiniz. Ancaq səhnədə rəqs etməyi sevirəm.

– Tənqidləri qəbul edirsiniz?

– Niyə də etməyim? Çünki insanların ağzı torba deyil ki, sıxıb saxlayasan. Bu gün də danışırlar, sabah da danışacaqlar.

– Qadın xəyanəti ilə qarşılaşmısınız?

– Həyatıma elə bir qadın daxil etmərəm ki, mənə xəyanət etsin.

– Onu heç kim bilməz axı...

– Ona görə də həyatımda heç kim yoxdur.

– Belə çıxır ki, qadınlara inanmırsınız?

– İnanmıram deməzdim, sadəcə, hər şeyin zamanı var. Həyatıma gələn qadın istədiyim kimi olmalıdır ki, sabah-birigün başıma belə bir hadisə gəlməsin.

– Neçə yaşınız var?

– 29.

– 29 yaşına qədər heç sevməmişəm demək gülməlidir.

– Sevmişəm, güvənmək istəmişəm, alınmayıb. Elə sevməmişəm ki, onu unuda bilməyəm. Həyatımdakı çətinliklər, universitet və iş həyatı sevgiyə vaxt ayırmağa imkan verməyib.

– Bayaq dediniz ki, elə qadın seçmərəm ki, mənə xəyanət etsin. Lakin günümüzdə elə bəylər var ki, xanımının xəyanətini bağışlayır. Onlara münasibətiniz necədir?

– Mən bağışlamazdım. 

– Kinli insansınız?

– Tez alışıb-tez sönürəm. Əsəbiləşdiyim zaman hər şeydən uzaq olmağa çalışıram. Bir müddət sonra nə kin qalır, nə səbəb.

– Dostlarınıza nəyi bağışlamazsınız?

– Dost dediyim insanı bir yaxşılığına görə tanımamışam ki, onları bir səhvinə görə də siləm. Dostum şərəfsizlik edərsə, onu silərəm. Hiss etsəm ki, mənə mənfi nəsə gəlir, həmin adamı özümdən kənarlaşdıraram. Bu, həmişə belə olacaq.

Pərviz Hüseyn