Diabetin müalicəsində yeni üsul təklif olundu

07:00 29-03-2020 521

Şanxay Biokimya və Hüceyrə biologiyası institutunun alimləri kök hüceyrələrindən mədəaltı vəzinin kiçik seqmentlərini (Langerhans adacıqları) yetişdiriblər. Mütəxəssislərin fikrincə, bu, diabetin müalicəsində irəliyə doğru atılmış mühüm addımdır.

Xinhua” agentliyində yerləşdirilmiş press-relizdə bildirilir ki, kök hüceyrələri yetkin siçanların mədəaltı vəzisindən götürülüb. Daha sonra alimlər xüsusi mühitdə onları vəzinin adacıqlarını yaratmağa “məcbur ediblər”. Götürülən kök hüceyrələri bu seqmentlərin istənilən tipini formalaşdıra bilib.  

Əldə edilən süni orqanoidlər öz funksiyaları və morfologiyasına görə əsl adacıqlara bənzəyib. Alimlər bu seqmentləri diabetli siçanlara transplantasiya etdikdə isə, onların qanında qlükozanın miqdarı normallaşıb, diabetin əlamətləri isə yoxa çıxıb.

Bu gün Langerhans adacıqlarının transplantasiyası diabetin müalicəsində ən effektli yanaşma hesab olunur. Lakin həkimlər donor çatışmazlığı ilə üzləşirlər. Ona görə də adacıqların laboratoriya şəraitində yetişdirilməsi bu problemi həll edə bilər.

Qeyd edək ki, Langerhans adacıqları mədəaltı vəzin daxili sekresiya hissəsidir. Adacıqlar insulinin  ifrazına cavabdehdir.