İrəvan xanları 300 il bu sarayda yaşayıb - Əşyalarını bir zirzəmidə toz basmışdı, yeni tapılıb

13:27 13-07-2019 646

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” adlı sərgi açılıb.

Sərgidə Qacarlar sülaləsi dövründə yaradılan və toplanan Azərbaycan incəsənəti nümunələri, İrəvan xanlarının sarayı və ya Sərdar sarayından yadigar qalan məişət əşyaları nümayiş olunur.

İrəvan şəhərinin 1672-ci ildə Jan Şarden tərəfindən çəkilmiş görünüşü

HerGun.Az tarixi İrəvan qalası və ermənilər tərəfindən məhv edilmiş Sərdar sarayı ilə bağlı maraqlı faktları bir yerə toplayıb.

Sərdar köşkünün interyeri

Sərgilərdə təqdim edilən eksponatlardan başqa bir çox nümunələr də var, lakin təəssüf ki, günümüzə onlar barədə yalnız fərziyyələr gəlib çatıb. Həmin fərziyyələrdən yola çıxan tarixçi alimlərimiz aqibətindən xəbər-ətər olmayan eksponatlara qədər böyük bir yol qət ediblər. Baş verənləri elə tarixçi professor Solmaz Rüstəmova (Tohidi) özü də qələmə alıb.

Belə ki, bir neçə il bundan əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Solmaz Tohidi Fransanın Anadolu Araşdırmaları Mərkəzi ilə G.Sereteli adına Gürcüstan Dövlət Şərqşünaslıq İnstitutunun birgə təşkil etdiyi “Geriyə və gələcəyə baxış: İranın Qafqazda təsirinə dair” mövzusunda beynəlxalq elmi konfransa qatılıb. Tarixçi məhz həmin konfransda həmkarları ilə söhbət edən zaman eksponatların izini tapıb:

“Orada gürcü tarixçiləri ilə söhbət edən zaman bəlli oldu ki, İrəvan qalası dağıdıldıqdan sonra bütün tarixi nümunələr Gürcüstana aparılıb. Tarixçilərlə zirzəmiyə baxan zaman gözlərimə inana bilmədim. Bu gün Heydər Əliyev Mərkəzində sərgilənən eksponatlar orada idi. Daha sonra ölkəyə qayıdıb bu barədə aidiyyəti orqanlara məlumat verdik. 

Ermənilərin dağıtmaq istədiyi tariximizə sahib çıxdıq. Bu gün tarixi İrəvan qalası, Sərdar sarayından geri qalan eksponatlar aid olduğu yerdədir. Bu günə qədər dünya tarixçiləri İrəvan xanlığını Azərbaycan xanlığı kimi qəbul etmirdi, hətta gürcü iranşünaslar belə bu fikirdə idi. Nəhayət, biz bunu sübut etdik”. 

Müxtəlif mənbələrdən topladığımız məlumatlara görə, illər əvvəl Gürcüstanda zirzəmidə saxlanılan eksponatlar üç bölmədə - Qacarlar sülaləsi zamanı yaradılan və toplanan qədim Azərbaycan incəsənəti, İrəvan xanlığının Sərdar sarayı kompleksindən məişət əşyaları və rəsm əsərlərinin kolleksiyası əsasında olub. Həmin eksponatlar arasında rus fotoqraf, 1877-1878-ci illərdə Rusiya-Osmanlı müharibəsində iştirak etmiş Dmitri Yermakovun arxivindən əldə edilmiş fotosənədlər də yer alıb. Dmitri Yermakov həm də İrəvan qalasının nadir tikililəri - Sərdar sarayı, məscidlər, karvansara və İrəvan şəhərinin tarixi mərkəzini təşkil etmiş orta əsrlərə aid digər binaların məhv edilməsi prosesini təfərrüatı ilə göstərən fotoşəkillərin müəllifidir.

Sərdar sarayında Azərbaycan rəssamı Mirzə Qədim İrəvani tərəfindən çəkilmiş divar rəsmləri

Sərdar sarayının füsunkar görünüşü tarixdə olduğu kimi, fotoşəkillərdən də tarixçiləri heyrətə gətirir. Sarayın üstü kaşı ilə işlənmiş bəzəkli divar daşlarının müxtəlif ölçülü parçaları, sarayın böyük qəbul otağının divarlarını bəzəyən uzunu 2, eni 1 metrlik portretlərdən Fətəli şah, İrəvan xanı Hüseynqulu xan və onun qardaşı Həsən xanın, dastan qəhrəmanı Fəramərzin və digərlərinin surətləri əks olunmuş eksponatlar... Tarix sevənlər bu eksponatlara biganə qala bilməzlər.

Əslində, bu barədə mənbələr çox olmadığından, kifayət qədər yetərli fakt və sənədlər yoxdur. Hətta AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun 2010-cu ildə İrəvan xanlığı haqqında nəşr etdiyi kitabda belə, İrəvan xanlığı, Sərdar sarayı barədə yalnız bir cümləlik məlumat qeyd edilib.

Sərdar sarayının Güzgülü salonunun görünüşü (Q.Qaqarinin rəsmi)

Daha dəqiq desək, həmin dövrdə mövcud əsərlər, əşyalar və onların sonrakı taleyi ilə bağlı dolğun məlumat olmasa da, Sərdar sarayı və Güzgülü zalın tarixi sənədlər əsasında qısaca təsvirini verməklə kifayətləniblər. Sərdar sarayının fotolarının altında isə sarayın aqibəti barədə yalnız bir cümlə qeyd edilib:

“Şərqin nadir sənət incisi olan Sərdar sarayı 1918-ci ildə ermənilər tərəfindən yerlə-yeksan edilib”.

İrəvan qalasının çar Rusiyası qüvvələri tərəfindən mühasirəsi. 1827-ci il, rəssam F.Rubo

Gürcü tarixçilərin məlumatına görə, məşhur İrəvan xanlığına, Sərdar sarayına aid əşyalar İrəvan qalası dağıdıldıqdan sonra ruslar tərəfindən Tiflisə aparılıb. Həmin eksponatların Tiflisdəki Qafqaz muzeyinə təhvil verilməsi isə XX əsrin birinci rübünə (Sərdar sarayının dağıldığı ərəfələr - red.) təsadüf edib. İrəvan Xanlığı, İrəvan qalası, Sərdar sarayı ilə bağlı araşdırmalar aparan tanınmış gürcü alim Georgi Beradze də bu məlumatları təsdiq edib.

Lakin hər şey bununla bitməyib. Belə ki, aparılan eksponatlar arasında itirilən, sınan parçaların olduğu güman edilir. Sərdar sarayının digər əmlakları arasında mebel dəstləri, məişət əşyaları, musiqi alətləri, silah-sursatlar olub. Tarix boyu dillərə dastan olan, eksponat kimi qorunub saxlanan xalçalarımız, onlar haqqında yazılan məqalələrlə yanaşı, bütün bu tarixi faktları görməzdən gələrək həmin xalçaları mənimsəməyə çalışan düşmənlər də az olmayıb. 

Sərdar sarayının eyvanlı zalının interyeri

Mənbələrə görə, 1804-cü ildən başlayaraq İrəvanda ikinci böyük qala olan Sərdarabad qalası çar Rusiyasının hücumlarına məruz qalıb, 1827-ci ildə ruslar tərəfindən ələ keçirilib. Bundan sonra isə İrəvan şəhəri ilə birlikdə Sərdar sarayının yeni tarixi yazılmağa başlayıb. Belə ki, 1827-ci ilin oktyabrında Sərdar sarayında İrəvan Müvəqqəti idarəsi yaradılıb. Ondan bir il sonra, 1828-ci il martın 20-də isə (Türkmənçay müqaviləsi bağlandıqdan sonra - red.) İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində yaradılan “erməni vilayəti”nin administrasiyası kimi tanınıb.

Sarayın yaradılması, fəaliyyəti, nə qədər strateji əhəmiyyətli olması isə hər kəsə bəllidir. Saray hələ sovet hakimiyyətinin ilk illərində mövcud olub. 1927-ci ildə sarayı tarixi abidə kimi seyr etmək üçün İrəvana saysız-hesabsız insanlar üz tutub.

1918-ci ildə darmadağın edilən sarayın son qalıqları isə İrəvan qalası ilə birlikdə ermənilər tərəfindən məhv edilib. 

300 illik tarixi olan İrəvan qalası və Sərdar sarayı Səfəvilər dövründən başlayaraq Qacarlara qədərki İrəvan hakim və xanlarının iqamətgahı olub. Əzəmətli İrəvan xanlığının ən gözəl və çiçəklənmə dövrü isə xüsusilə Hüseynəli xan Qacarın (1759-1783) hakimiyyət illərinə təsadüf edir. Saray Əmirgünə xan Qacar (1605-1625) tərəfindən ucaldılsa da, məhz Hüseynəli xan tərəfindən təkmilləşdirilib. Sarayın memarı isə dövrünün tanınmış memarı Mirzə Cəfər Xoylu olub. Sarayın memarlıq üslubu onu monumental saray kompleksi kimi tanıdıb.

Sərdar Sarayı İrəvan qalasının şimal-qərbində - Zəngi çayının uçurumlu sahilində, təbii cəhətdən yaxşı müdafiə olunan ərazidə yerləşib. Ətrafında çoxsaylı məscidlər inşa edilib. XX əsrin ortalarında İrəvan xanlığı və Sərdar sarayının salamat qalmış orijinal əsərləri, saray kompleksinin məscid və sarayının dekorunda istifadə edilən köhnə plitələr Mirzə Qədim İrəvani tərəfindən yenidən boyanaraq istifadəyə yararlı hala salınıb.

Beləliklə, vaxtilən Azərbaycan memarlığının incilərindən biri olmuş tarixi saraydan təəssüf ki, geriyə sınıq-sökük, uzun illər baxımsız vəziyyətdə olmuş əşyalar qalıb.

Könül Cəfərli