Elmar Vəliyev niyə hədəf seçildi?

21:57 13-07-2019 987

“Hadisələrdən bir il keçsə də, bu zaman ərzində baş verən hadisələrin təfərrüatı, mahiyyəti barədə informasiyalar çox az oldu və bu işdə cəmiyyəti maraqlandıran və həm də narahat edən suallar qalmaqda davam edir. Məhkəmə proseslərindən verilən xəbərlər çox ziddiyyətlidir və bu işdə sağ qalanların da, ölənlərin də konkret nədə ittiham olunması aydın təsir bağışlamır”.

“HerGun.az” xəbər verir ki, bunu təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Gəncə hadisələrinin bir ilinin tamam olması ilə bağlı Astna.biz saytına müsahibəsində deyib.

Ekspert hesab edir ki, Gəncə hadisələri ilə bağlı "qaranlıq qalan" çox tərəflər var;

“Ən birincisi, cinayətin motivinin tam nədən ibarət olduğu dəqiq bilinmir. İlk olaraq icra başçısına olan sui-qəsdin motivinin dini zəmin, ya da məmurun qəddar hərəkətlərinə etiraz təşkil etdiyi barədə yekun rəy yoxdur, ya ən azı ictimaiyyət məlumatlandırılmayıb. Cinayəti törədənin dindar şəxs olduğu, İranda xüsusi hərbi hazırlıq keçdiyi məlumdur, amma bu, hələ kiməsə sui-qəsdin motivi ola bilməz. Bu işin istintaqına 80 nəfər cəlb olunub. Kiçik rəqəm deyil. Bu insanların nə planladığı, nəyə nail olmaq istədiyi açıqlanmayıb. İttiham olunanlar isə birmənalı şəkildə iddiaları qəbul etmirlər. Nə vaxtadək müəmma davam edəcək, demək çətindir”.

İ. İsmayıl qeyd edir ki, icra başçısına sui-qəsddən sonra mitinq çağırışları, həmin gün meydanda əli qılınclı qatilin sərbəst dolaşması, hüquq-mühafizə orqanlarının situasiyaya uyğun olmayan davranışları müəmma yaradır, ona görə indi də cavabı hələlik məlum olmayan bu suallar barədə yalnız ehtimal irəli sürmək olar: “Ehtimal isə dəqiq informasiya deyil və həqiqətə yaxın olsa belə, sübut olunmadığı halda onu irəli sürənə qarşı ən azı ciddi iradlar ola bilər. Hadisələri təhlil edəndə 15 iyul 2016-cı ildə Türkiyədə baş verən hadisələri CHP liderinin "kontrollu darbe" adlandırmasını xatırladım. 3 iyuldan sonra Gəncədə baş verənlər də sanki bir "kontrolluq" təsiri bağışlayırdı”.

Hadisənin baş vermə motivinə gəldikdə isə ekspert bildirir ki, Gəncə tarixən etiraz etməyi bacaran şəhər olub: “Məmur özbaşınalığı yalnız Gəncədə deyil, ölkənin hər yerində olub və var. Amma Gəncədə özbaşınalıq yox, qəddarlıq, kobudluq, zülm, ən əsası insanların heysiyyatının təhqir olunması baş verirdi və 7 illik hirs, əsəb özünü bir şəkildə büruzə verdi. 

Keçmiş icra başçısının insanları təhqir etməsi, qəddarlığı əsas səbəbdir, amma cinayətin konkret motivi deyil. Qubada bir cür, İsmayıllıda başqa cür, Gəncədə fərqli şəkildə etirazlar olub.

Xarici ölkə faktoruna gəldikdə bu, ilk gün ən azı belə təəssürat yaratmışdı. Hadisədən bir gün əvvəl Mingəçevirdə ölkənin həyati vacib obyektində baş verən qəzadan sonra Gəncədəki sui-qəsd ilk baxışda təxribat elementlərinə oxşayırdı, amma hadisələr əlaqəli olsaydı, ehtimal olunan "təxribat" başqa yerlərdə də davam edərdi, ona görə hadisələr arasında bağlılıq görmürəm. Sui-qəsdi törədən şəxsin dindar olması, Moskvadakı məsciddə xüsusi fəallığı, İrana ziyarəti və iki il orada qalması şübhə yaradan hallardır. Hadisələri Rusiyanın, İranın xəbərdarlığı kimi də yozmaq olardı, amma hakimiyyət və deyilən ölkələr arasında xüsusi fikir ayrılığı olmadığından bu versiya da az inandırıcıdır, amma istisna da deyil”.