Oksana Rəsulova: “Ginekoloq və dəri-zöhrəvi xəstəliklər həkimiyəm” - VİDEO

10:20 18-06-2020 649

“Oğlum Osman bir yaş on aylıqdır. Onun şəkilini göstərmək niyyətim yoxdur. Zamanı gələndə, özünü dərk edəndə göstərəcəyəm. Osman daha çox mənə oxşayır. Uşaqlığıma bənzəyir”.

HerGun.Az xəbər verir ki, bu sözləri hind rəqslərinin mahir ifaçısı, aktrisa Oksana Rəsulova “Xəzər” telekanalında yayımlanan “5/5” axşam şousunda qonaq olarkən deyib.

Rusiyada ginekologiya üzrə ali təhsil aldığını bildirən Oksana cərrahi əməliyyatlar etdiyini söyləyib:

“İxtisasım həkimdir. Rusiyada Tibb Akademiyasını bitirmişəm, orada altı il təhsil almışam. Sonra isə iki il mama-ginekologiya üzrə ordinatura təhsili almışam, cərrah-ginekoloqam. Bir il də dəri-zöhrəvi xəstəliklər ixtisası üzrə təhsil almışam. İki diplomum var. Rusiyada ixtisasım üzrə çalışmışam. Ginekoloq kimi əməliyyatlar etmişəm. Anamın ən böyük arzusu həkim olmağım idi. Hər şeydə bir xeyir var. Həkim olmaqdan əvvəl incəsənətlə məşğul olmaq istəyirdim. Sadəcə, elə oldu ki, istəyim baş tutmadı. Biologiyanı və kimyanı yaxşı bilirdim, pulsuz və tapşırıqsız, öz zehnimin gücü ilə universitetə qəbul oldum. Bu səbəbdən, həmin yolu seçdim”.

Proqramın aparıcısı Zaur Kamalın “Rəqsi atırsan?” sualına O.Rəsulova belə cavab verib:

“Hind rəqslərinə olan həvəsim və marağım məni Bollivuda aparıb çıxardı. Aktrisa kimi fəaliyyət göstərməyə başladım. Hazırda aktrisalığa daha çox üstünlük verirəm. Amma bu, o demək deyil ki, rəqsi atmışam.

Hamiləlikdən sonra dizimdə və belimdə böyük problemlər yarandı. Hazırda müalicə alıram. Həkimlər deyirlər ki, problemi tam aradan qaldırmaq üçün əməliyyat olmalısan. Mən isə əməliyyatdan imtina etdim.

Karantindən əvvəl rəqs məktəbi açmaq istəyirdim. Ola bilsin ki, efirdə rəqqasə kimi çıxışlarım az olacaq. Çünki başqa layihələrim (seriallar, filmlər - red.) var. Hind rəqslərinə olduqca böyük tələbat var. Buna görə də, işimi davam etdirəcəyəm”.

Rəşad Əliyev