Azərbaycanda məhkumların cəmiyyətdə xidmətinə yeni formada nəzarət ediləcək

18:40 19-06-2020 331

Azərbaycanda məhkumlara və inzibati qaydada cəzalandırılan şəxslərə elektron nəzarət vasitələrindən istifadə imkanları genişlənir.

Bununla əlaqədar, iyunun 19-da Milli Məclisdə hazırkı qanunvericiliyə müəyyən düzəlişlərin edilməsini nəzərdə tutan qanun layihəsi qəbul edilib.

HerGun.Az xəbər verir ki, bundan əvvəl Ədliyyə Nazirliyi Cəzaların İcrası, Cinayət və İnzibati Xətalar Məcəlləsinə elektron idarəetmənin tətbiq olunmasını nəzərdə tutan dəyişikliklər edilməsi barədə təkliflər verib.  

Əlavələrə görə, inzibati cəza kimi icma xidməti tətbiq olunan şəxslərə, habelə bu növ cəzaya məhkum edilmiş şəxslərə peycerlər kimi elektron izləmə cihazları veriləcək.

Bu cihazlardan istifadə etməklə Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin işçiləri (PX) müəyyən olunmuş qrafikə uyğun olaraq məhkumların ictimai iş yerində olmasını izləyə biləcəklər.

Bundan əlavə, PX Monitorinq Mərkəzi məhkumların və inzibati cəza alanların işlədiyi saatların elektron hesablanmasını aparacaq.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsi barədə 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən Ədliyyə Nazirliyinin tərkibində Probasiya Xidməti yaradılıb. Bu qurumun vəzifəsi ictimai işlərdə, o cümlədən məhkumun cəmiyyətdən təcrid edilməsi ilə əlaqəli olmayan digər formalarda cəzaların effektiv icrasını təmin etməkdir.

Ramella İbrahimxəlilova