“Xalq Bank”a ağır itki üz verib

17:20 21-06-2020 391

“Dünən Abşeron çimərliklərinin birində əməkdaşımız, “Mərkəz” filialının direktoru Yusif İsak oğlu Məmmədovu faciəvi şəkildə itirdik. Ailəsi və dostları ilə istirahət edən Yusif dənizdə batan uşaqları xilas edərkən həlak olub”.

Bu barədə “Xalq Bank” məlumat yayıb. 

Məlumatda bildirilir ki, valideynləri tərəfindən nəzarətsiz qalan uşaqların sahildən uzaqda batdığını görən Yusif köməyə atılıb. Şahidlərin sözlərinə görə, Yusif üzərək uşaqlara çatıb, onları xilas edib, amma özü həlak olub: 

“Yusif olduqca qayğıkeş insan idi. O, mehriban dost, nümunəvi ailə başçısı, dəyərli mütəxəssis, öz işinin peşəkarı idi. Bu gün o, doğulduğu İmişlidə torpağa tapşırıldı.

Yusif ailəli idi, iki azyaşlı övladı qaldı.

“Xalq Bank”ın kollektivi Yusifin ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verir. Bu bizim hamımız üçün ağır itkidir. Yusifin xatirəsi ürəklərdə həmişə yaşayacaq”. 

Allah rəhmət eləsin!